Bilal Həmdi: “Səbail”də 2 aylıq maaşım qaldı”

Kiprin “Olimpiakos” klubunun hücumçusu Bilal Həmdi müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə o, Azərbaycan premyer liqasında oynamasından və “Səbail”də yaranan problemlərdən danışıb:

– “Olimpakos”da işlərin necə gedir?
– Hər şey qaydasındadır. Yaxşı çempionata gəlmişəm. Ümid edirəm ki, hər şey daha yaxşı olacaq.

– Azərbaycan çempionatı ilə müqayisə edə bilərsən?
– Azərbaycanda yalnız 8 komanda var. Orada xeyli sayda əcnəbi olsa da, hədd hamısına oynamaq imkanı vermir. Amma burada hər şey fərqlidir. Heç bir limit yoxdur və 11 əcnəbi meydana çıxa bilər. O baxımdan rəqabət güclüdür.

– “Səbail”ə yayda gəlib mövsüm başlamamış ayrıldın. Bunun səbəbi nə idi?
– Maddi problemlər yarandı. Dedilər ki, komandadan getmək istəsəniz, gedə bilərsiniz. Çünki sizin bir neçə aylıq maaşınız gecikəcək. Bu səbəbdən də oradan getmək qərarı verdim. İndi yaxşı komandadayam.

– Maaşının hamısını ala bildinizmi?
– Yox, 2 aylıq maaşım qaldı.

– Bu pulu almaq üçün “Səbail”lə danışıqlar aparırsınız?
– Yox. Çünki baş məşqçi mənim getməyimi istəmirdi. O deyirdi ki, komandada qal və düzələcək. Amma mən ayrılmaq istədim. Ona görə də 2 aylıq maaşımı heç onlardan soruşmuram. Özüm ayrılmaq istəmişəmsə, soruşmaq fikrim yoxdur.

– “Səbail” yayda xeyli futbolçu cəlb etdi. Hamı düşünürdü ki, komandanın yaxşı büdcəsi var…
– Bunu “Səbail” rəhbərliyindən soruşun. Mən də başa düşmədim ki, nə baş verdi. Niyə belə oldu.

– Klub rəhbərliyi ilə hər hansı söhbət oldumu?
– Onlarla indi də münasibətim var. Baş məşqçi ilə də danışıram.

Həmin kateqoriyadan