“Birinci raunddan sonra gördüm ki, qazaxıstanlı rəqibimə qalib gələ bilərəm”

Ölkəmizin Rio Yay Olimpiya Oyunlarında 3-cü medalını boksçusu Kamran Şahsuvarlı (75 kq) qazandı. Allsport.az saytı xəbər verir ki, qazaxıstanlı Canıbəy Alimxanulu ilə 1/4 final döyüşündə, rinq ustası qalib gələrək, ən azı, bürünc medalı öxünə təmin edib. Görüşdən sonra, o, idman.com.az-a yerində müsahibə verib.

Səni təbrik edirik. Demək olar ki, ən azından bürünc medalı özünə təmin etdin və Rioda boksda ilk medal qazanan idmançımız sən oldun. Yarış barədə nə deyə bilərsən?
– Çox həyəcanlı idim. Özümə elə də inanmırdım. Rəqibə görə yox, inanmırdın ki, bu dərəcəyə qədər çata bilərəm. Çox şadam ki, valideynlərimin, mənə inanan hər kəsin etimadını doğrultdum.

– Olimpiadaya lisenziyanı son anda və çətinliklə qazanmışdın. Ona görə də əsas medal ümidləri sırasında deyildin. Ancaq sən bunun əksinə olaraq, sübut etdin ki, olimpiya oyunlarında hər şey rinqdə həll olunur.
– Bəlkə də o, kömək etdi ki, məndən medal gözləntiləri o qədər də yüksək deyildi və bu səbəbdən də təzyiq atında deyildim, sərbəst idim. Düşünürdüm ki, nəyi bacarıram rinqə çıxıb onu edəcəyəm.

– Döyüşdə birinci raundda sən açıq-aydın üstün idin. İkinci raundda rəqib bir qədər üstələdi. Sonradan sən üstünlüyü yenidən ələ aldın. Həmin anda – rəqib səni üstələyəndə nə düşünürdün?
– Birinci raunddan sonra gördüm ki, qalib gələ bilərəm. Şansı əldən buraxmaq olmaz. Artıq ritmi tutmuşdum, həmin ritmlə də döyüşdüm.

– Artıq ən azı bürünc medal sənindir və sən bu bürüncü qızıla da çevirə bilərsən.
– İnşallah çalışacam daha böyük uğur qazanım və Vətənə olimpiya çempionu kimi dönüm.

– İnşallah boksda ilk oıimpiya çempionumuz kimi adını tarixə yazdırasan. Sənə uğurlar.

Söhbətləşdi: Qabil Mehdiyev
Rio de Janeyro

Həmin kateqoriyadan