“Bizdə uduzan komanda dərhal hakimliyi qabartmağa başlayır”

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan kubokunun finalında “Qarabağ”a məğlubiyyəti şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 0:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

– Çox yaxşı oyun alındı. Ötən il belə yaxşı oyun olmamışdı. Sayın, görün ötən il bizdə nə qədər əcnəbi oyunçu olub. Budəfəkilər isə cavan idi, azərbaycanlı idi. Düzdür, əcnəbilər də vardı, amma əksəriyyət azərbaycanlı uşaqlar idi və bununla fəxr edirik. İnanırıq ki, uğurlarımız hələ qabaqdadı.

– Hakimlikdən razı qaldınız?
– Oyundan sonra hakimliyi müzakirəyə çıxarmaq, onun idarəçiliyinə qiymət vermək düz deyil. Bunun üçün xüsusi mütəxəssislər var. Onlar gəlib, baxırlar və sözlərini deyirlər. Amma bizdə uduzan komanda dərhal hakimliyi qabartmağa başlayır. Bu, düzgün deyil.

– Bütünlüklə müdafiəyə çəkilən “Neftçi”dən nə yaza bilərik ki?
– Yaza bilərsiniz ki, baxmayaraq “Neftçi” çempionatı 6-cı yerdə bitirdi, amma çox güclü “Qarabağ”la bərabər səviyyədə oynadı. 120 dəqiqə heç-heçə idi, son dəqiqələrdə hesab açıldı.

– Avrokuboklara vəsiqə qazanmağı “Neftçi” üçün uğur saymaq olar?
– Məqsədimiz belə idi ki, ya medal götürək, ya kubokda finala çıxaq. Təbii ki, avrokuboklara getmək əsas hədəfimiz idi. Bu baxımdan deyə bilərik ki, məqsədimizə çatmışıq. Amma hesab edirəm ki, təbii olaraq, bu il nöqsanlarımız çox idi. Çoxlu dəyişiklər var idi. Ona görə də, ayın 28-də Müşahidə Şurasının iclasında bu məsələlərə baxacağıq.

– “İnter”in cəzası ləğv olunsa, “Neftçi” Avroliqadan kənar qala bilər…
– Bildiyimə görə, onların məsələsinə iyulda baxılacaq. Bunu da bilirik ki, həmin vaxta qədər artıq birinci təsnifat mərhələsinin oyunları keçiriləcək. Belə olan halda, nəyinsə dəyişməsi inandırıcı görünmür. Amma “İnter”ə uğurlar arzu edirəm.

– Yeni bazanın inşası ilə bağlı hansı yeniliklər var?
– Təzə bazanı qurtarırıq. İnandırım sizi, hələ Azərbaycanda belə baza yoxdur. Oranı hələ tikib qurtarmamışıq, amma bir neçə komanda gəlib, orada məşq edir. Ona görə də hesab edirəm ki, yaxşı hazırlıq görmüşük. Amma istəyirik ki, birinci növbədə əsas komandanın uğurları olsun. İstəyəcəyik ki, gələn il uğurlarımız daha çox olsun. Dünyada elə çempionat, kubok yoxdu ki, orada finala çıxan komanda uğursuz hesab olunsun. Hər yerdə yazılıb ki, bu komanda finala çıxıb. “Neftçi” Azərbaycanda yeganə komandadı ki, 5 il ard-arda finala çıxıb. İnanıram ki, 6-cı daha uğurlu olacaq.

Həmin kateqoriyadan