Boksçularımız Azərbaycan kuboku ərəfəsində

Oktyabrın 7-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində boksçular Azərbaycan kuboku start götürəcək. Allsport.az saytı xəbər verir ki, Azərbaycan milli komandasına  seçim xarakteri daşıyan turnirdə 100-ə yaxın idmançı gücünü sınayacaq. APB yarışlarında çıxış edəcək Cavid Çələbiyev (56 kq) və Məhəmmədrəsul Məcidov istisna olmaqla, digər aparıcı boksçuların hamısı Azərbaycan kubokunda rinqə çıxacaq.  “Baku Fires” klubunun üzvü, dünya və Avropa çempionu Albert Səlimov da ilk dəfə ölkəmiqyaslı yarışda mübarizə aparacaq.

Bundan başqa, Rusiya millisinin heyətində gənclər arasında Avropa çempionu olmuş, artıq 3 ildir “Baku Fires”in üzvü kimi  WSB liqasında çıxış edən Məhəmməd Qurbanov da (56 kq) turnirdə nəyə qadir olduğunu göstərəcək. “Baku Fires” klubunun üzvləri Məhəmməd İbiyev (49 kq), Yevgeni Romaşkeviç (69 kq), Nikolay Veselov (75 kq), Jaba Xositaşvili (81 kq), Arslanbek Mahmudov və Hacı Murtuəliyev də (hər ikisi 91+kq) ilk dəfə Azərbaycan kubokunda yarışacaqlar. Olimpiya oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Teymur Məmmədov yenidən 91 kq çəki dərəcəsində çıxış edəcək.

Milli komandamızın üzvünün Abdulqadir Abdullayevlə görüşü böyük maraqla gözlənilir. Azərbaycan kubokunda Avropa çempionu Salman Əlizadə (49 kq), qitə çempionatının mükafatçısı Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Pərviz Bağirov (69 kq), Soltan Migitinov (81 kq) kimi aparıcı boksçular da iştirak edəcəklər. Azərbaycan Boks Federasiyası yarışların ədalətli keçməsi üçün bu dəfə bütün hakimləri xaricdən dəvət edib. Turnirin supervayzeri isə almaniyalı Helmut Ranze olacaq. Azərbaycan kuboku həm də oktyabrın 24-də keçiriləcək APB turnirinə test xarakteri daşıyır. Yarışa oktyabrın 10-da yekun vurulacaq.

Həmin kateqoriyadan