Boksçularımızdan uğurlu start

Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə start verilib. Allsport.az xəbər verir ki, komandamız yarışda 12 boksçu ilə təmsil olunur.

Turnirin ilk günündə rinqə çıxan idmançılarımızdan Məhəmməd Adbullayev (81 kq) inamlı qələbə qazanıb. Həmyerlimiz Tacikistan nümayəndəsi Əhməd Borezi texniki nokautla məğlub edib. Millimizin üzvü 1/8 finalda rumıniyalı İonut Bohotiçi ilə qarşılaşacaq.

Cavid Hüseynov (48 kq) da dünya birinciliyinə uğurla başlayıb. Boksçumuz finlandiyalı Masi Jurvaneni məğlub edərək, 1/8 final mərhələsinə vəsiqə qazanıb. Onun növbəti rəqibi rusiyalı İlya Popov olacaq.

63 kq çəki dərəcəsində çıxış edən Sayad Lalayev də ilk mərhələdə qalib gəlib. Seçməmizin üzvü danimarkalı Oliver Menqi yarışdan kənarlaşdırıb. Lalayev 1/8 finalda İsrail təmsilçisi Muhammed Abu Riaşla üz-üzə gələcək.

İki boksçumuz isə artıq dünya birinciliyindən kənarda qalıb. 70 kq çəki dərəcəsində mübarizə aparan Şaiq Məlikov rusiyalı Artyom Ohenisyana uduzub. Eltun Məmmədov (57 kq) isə Türkiyə boksçusu Necat Ekinci ilə qarşılaşmadan məğlub ayrılıb.

Bu gün dünya birinciliyində daha 3 boksçumuz rinqə çıxacaq. Yarışa sentyabrın 12-də yekun vurulacaq.

Həmin kateqoriyadan