Boksçularımızın rəqibləri bilindi

AİBA Pro Boxing (APB) turnirində mübarizə aparan Məhəmmədrəsul Məcidov (+91 kq) və Tamerlan Abdullayevin (69 kq) növbəti rəqibləri bəlli olub. Allsport.az xəbər verir ki, 2 qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məcidov dekabrın 19-da rinqə çıxacaq.

Milli komandamızın üzvü misirli Əhməd Samirlə üz-üzə gələcək. 30 yaşlı Samir Nyu Yorkda peşəkar boksla məşğul olub. Ancaq o, APB turnirində hər iki görüşdə uduzub. Superağır çəki dərəcəli boksçu əvvəlcə almaniyalı Erik Pfeyferə, 2-ci mərhələdə isə rusiyalı Maqomed Omarova məğlub olub.

Xatırladaq ki, Məcidov noyabrda APB-də debüt etmiş və ukraynalı Sergey Verveykonu 2-ci raundda nokautla üstələmişdi.

Tamerlan Abdullayev isə dekabrın 20-də avstriyalı Markos Naderlə qarşılaşacaq. 24 yaşlı Nader də əvəllər peşəkar boksla məşğul olub. O, 1-ci mərhələdə keniyalı Rayton Okviriyə, ötən ay isə litvalı Eimantas Stanionisə uduzub. Abdullayev APB-də ilk döyüşündə macarıstanlı Qyula Katedən üstün olmuşdu.

Qeyd edək ki, hər iki görüş saat 19:00-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində başlayacaq.

Həmin kateqoriyadan