BŞGİBİ ilə BŞTİ-nin birgə stolüstü tennis yarışı başlayıb

Bu gün Nərimanov rayonu ərazisində yerləşən 258 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan stolüstü tennis növü üzrə yarışa start verilmişdir. Yarışın təntənəli açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakiminin müavini Əbdülov Salman yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulamışdır. Yarışlar 2 qrup – “A” və “B” qrupları üzrə keçirilir.

“A” qrupunda gərgin oyun şəraitində keçən yarışmadan sonra I yeri Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin komandası, II yeri Qaradağ rayonu 273 nömrəli tam orta məktəbin komandası, III yeri Nizami rayonu 145 nömrəli tam orta məktəbin komandası, IV yeri Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin komandası, V yeri Nəsimi rayonu 8 nömrəli tam orta məktəbin komandası və VI yeri Səbail rayonu 91 nömrəli tam orta məktəbin komandası tutmuşlar.

25 dekabr tarixində “B” qrupuna daxil olan Sabunçu, Yasamal, Xəzər, Xətai və Binəqədi rayonlarının komandaları arasında yarışma keçiriləcək. Qruplar üzrə komandalar dairəvi sistem üzrə yarışdıqdan sonra 26 dekabr tarixində komandalar çarpaz şəklində müvafiq yerlər uğrunda oynayacaqlar.

Həmin kateqoriyadan