BŞH rəsmisi: İnanırıq ki, bu layihə region sakinlərini F1 ilə daha yaxından tanış edəcək

Bakı Şəhər Halqası əməliyyat şirkəti və Azərbaycan Avtomobil Federasiyası regionlarda maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı ilə simulyatorda Formula1 çempionatı keçirəcək. Allsport.az saytı xəbər verir ki, bu gün “Büllur” sarayda layihənin təqdimatı olub. BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai sözü gedən addımın bölgə ictimaiyyəti arasında F1-ə böyük həvəs yaradacağını bildirib:

“Son illər ölkədə keçirilən Formula1 ölkə ictimaiyyəti arasında bu idmana böyük maraq oyadıb. Yarışlar Bakıda keçirildiyindən paytaxt sakinləri F1-in gətirdiyi əyləncə və coşğunu daha çox yaşaya bilirlər. Biz də bu layihə vasitəsi ilə çalışırıq ki, region ictimaiyyəti də Bakıda olan yarış həyəcanı və coşğusuna qoşula bilsin. İnanırıq ki, bu layihə region sakinlərini F1 ilə daha yaxından tanış edərək ölkə ictimaiyyəti arasında bu avtoidmana maraq göstərən azarkeşlərin sıralarını əhəmiyyətli dərəcədə genişləndirəcək”.

Azərbaycan Avtomobil Federasiyasından bildirilib ki, layihə çərçivəsində məktəblilərə yol hərəkətinin təhlükəsizliyinə dair seminarlar veriləcək: “AAF yol hərəkəti təhlükəsizliyinə dair mütəmadi olaraq maarifləndirmə işləri, o cümlədən məktəblilər arasında “Yol hərəkəti qaydalarını öyrənək” adlı seminarlar keçirir.

Regionlarda keçiriləcək bu seminarlarda məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında ətraflı məlumat veriləcək. Həmçinin seminar iştirakçılarına müvafiq videoçarxlar təqdim olunacaq, nəşrlər paylanacaq.

İnanırıq ki, bu layihə region məktəblilərinin yol hərəkəti təhlükəsizliyi barəsində ətraflı şəkildə maariflənməsinə öz töhfəsini verəcək”.

Həmin kateqoriyadan