Kamran HACI
Buda ilə Peşti ayırırdı Dunay, məni də onlardan Günəşlə Ay

Kamran Hacı | kamran-haji@mail.ru

Macarıstanda keçirilən güləş üzrə dünya çempionatı məni bu ölkəyə səfər etməyə fürsət verdi. Düzü, Budapeşti görmək çoxdankı arzumdu. Planımı da öncədən qurmuşdum. Yarış qabağı Şenqen vizasına dəstək üçün gənclər və idman nazirliyinə müraciət edəndə, məlum oldu ki, güləş federasiyasından rəy almalıyam. AGF-ni ciddi nöqsanlar səbəbindən son dövrdə sərt tənqid etdiyimdən, baş katib Orxan Məmmədov öncə bəhanə gətirdi, sonra ümumən telefonuma cavab vermədi. Hər işdə bir xeyir var deyiblər. 2 günə səfirliyin tələb etdiyi sənədləri topladım. Üstəlik, anketdə mutliviza istəyimi qeyd etdim. Çoxdankı niyyətimi Macarıstan səfirliyi həyata keçirdi və «Köhnə qitə»nin gözəl şəhərlərindən birini dünya çempionatının imkan verdiyi 11 gün deyil, hətta 3 ay ərzində görmək imkanı əldə etdim.

Məlum olduğu kimi, hunların paytaxtını Dunay 2 hissəyə ayırır. Mən Peştdə qərarlaşdım. Yaşadığım Oktoqon ter mərkəz sayılır. Mehmanxananın qarşısındakı əsas küçədən – Teres bulvarından tramvaylar şütüyürdü. Bizdə artıq xeyli müddətdir bu sərnişin nəqliyyat vasitəsi yoxdur. Amma orada nəinki var, üstəlik, bütün sutkanı işləyir. Avtobuslar və trolleybuslar köməkçi küçələrdə hərəkət edirlər. Bu 2 bu amil metroda sıxlığın qarşısını alır, Bakıda zirvə saatı zamanı Qiyaməti xatırladan durum yaratmır. Transportdan istifadə üçün ya bilet almalı, ya da daimi bir neçə günlük, həftəlik və aylıq kağız kartlardan birini əldə etməlisən. Gediş haqqı bizlə müqayisəyə gəlmir: 350 forint və ya 1 avro 3 set, yəni 2 manat 10 qəpik. Çox bahadır! Aparatların heç də hamısı xırda pulu qəbul etmir. O cəhətdən Bakıda çox əlverişlidir. 2 manat ver, plastik kart al və arxayın dolan. Heydər Əliyev adına hava limanıdan mərkəzə avtobus 1 manat 30 qəpiyə, orada 900 forentə gətirir. Paytaxtımızda, taksi əks istiqamətə təqribən 15 manata aparır. Peştdə sayğac  Elizabet hotelindən – mərkəzdən aeroporta 8020 forent yazdı. Təqribən 25 avro, yəni 50 manat. Sizə deyim ki, məsafə bizdəkindən az idi.

Şəhərin mərkəzi Bakıdan daha əzəmətlidir. Çünki bizdə arxitektur binalar 2-3, orda 5-6-dan başlayır. Üstünlüyümüz, tikintinin kərpiclə deyil, möhkəm qaya daşları ilə işlənməsindədir. Amma buna rəğmən, evlər çox möhkəmdir. Paytaxtın Buda hissəsində də gözəl memarlıq abidələri var. Orada küçələr nisbətən dardır və İçəri şəhəri xatırladır. Velosiped sürənlər üçün ayrıca zolaq mövcuddur. Şəhər yollarda kameralar yoxdur, hamı qaydaya əməl etməli olduğunu yaxşı anlayır. Əvəzində, hava limanında təhlükəsizlik güclüdür. Aşağı qatlarda avtobuslarla təyyarəyə səmt almaq üçün növbəyə dayananda, birdən yadıma düşdü ki, noutbukumu sonuncu nəzarət məntəqəsindən keçərkən, «Düti fri»nin yanındakı gözləmə zalında oturacağın üstündə unutmuşam. Geri qayıdarkən, pasportumu yoxlayıb möhür vuran sərhəd xidmətçisinin kabinəsindən çıxıb arxamca gəlmək istədiyini gördüm. Məni gördükdə, başını buladı. Tez ona yetişib noutbuku aldım və üzr istədim.

Bir az da güləşçilərimizdən danışım. Niyə bir az? Çünki 30 nəfərə 5 medal qazanasan, onun da 4-ü qeyri-olimpiya çəkisində ola. Belədə, hansı bəh-bəhdən yazmaq olar? Sərbəstlərin çıxışı fiasko oldu. Kapitan Cəbrayıl Həsənov (79 kq) son anda gəmini xilas etməysədi, milli 2005-ci ildən bəri ilk dəfə Vətənə medalsız dönəcəkdi. Heyətdə yer alan Pərviz İbrahimovla (61 kq) Murad Süleymanovun (86 kq) uğursuzluğunu anlamaq olar, hər ikisi gəncdir və ilk dəfədir dünya çempionatına qatılmışdı. Lakin digər debütantlar – legionçular Hacımurad Hacıyevin (70 kq) və Əbubəkr Abakarovun (74 kq) yenilgisi ilə barışmıram. Əgər onlar elə ilk cəhddə uduzacaqdılarsa, qoy bu çəkilərdə də cavanlarımız yollanardı. Axı onlar özümüzkülərdir! Üstəlik, böyük yarışın ab-havasını hiss edib, indidən özlərini gələcək dünya çempionatlarına hazırlayardılar. Boşluqda yerli gənclərə fürsət verilməyəndə, nə vaxt veriləcək? Bu azmış kimi, olimpiya və dünya çempionu Şərif Şərifov (92 kq), ötən eyni yarışın mükafatçıları Aslanbəy Alborov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) asan təslim oldular. Belə məlum olur ki, sərbəst güləş millisinin işi Allaha qalıb. Dağıstanlı legionçular isə, yavaş-yavaş dövrlərini başa vururlar. Artıq vitse-prezident Məhəmməd Əliömərov da yoxdur. Qovulub. Daha komandaya selnən əcnəbilər gətirilməyəcək. Yeni dəvət edilən dağıstanlı menecer Rizvan Gənciyev boksda əlaqəsi yaxşıdır, nəinki güləşdə. Firdovsi Umudova gəlincə, hələ gec deyil: siyasətdən, vitse-prezidentlikdən və özünü reklam etməkdən yığışıb baş məşqçiliyi ilə məşğul olsa, yaxşıdır. Qurban Qurbanovun düşdüyü durumdan nəticə çıxarmalıdır. Komandada eniş dönəmində 2 cəbhədə çalışmaq mümkün deyil, mütləq birində axsayıb uduzacaqsan. Bir də, «Şöhrət» və «Tərəqqi» ordenli mütəxəssis anlamalıdır ki, dünya çempionatı Avropa deyil – Kaspiskdə ardıcıl 2 qızıl medaldan sonra zalda tamaşaçıların gözü önündə jurnalistin üstünə qışqırıb hədə-qorxu gələsən, elliklə birləşib media zonada onun işləməsinə mane olasan. Yeri gəlmişkən, yeni mətbuat katibi də artıq havaya uyğunlaşıb. Yazır ki, istəsəydilər tənqid edən jurnalistə güləşçilər açıqlama verməzdi. İctimai təşkilata baxın, bişmiş toyuq eşitsə belə, gülməkdən ölər.
Ümumiyyətlə, Budapeşt sərbəst güləşçilərimizə düşərli məkan da deyil. Son 5 ildə 3-cü dəfə keçirilən dünya çempionatında millimizin qazancı hər dəfə 1 medal olub.

Sözü gedən növlə nisbətdə, yunan-Roma güləş yığmasının çıxışını yaxşı saymaq olar. Şaban Donatın ən azı, öyünə biləcəyi məqam var: ümumi komandalar üzrə Eldəniz Əzizlinin (55 kq) qazandığı yeganə qızıl medal! Rəsul Çunayev (72 kq) açıqlamasında dedi ki, Avropa çempionatından sonra zədəsini sağaltmaqla məşğul olub və məşqlərə son 2 həftədə başlayıb. Hərçənd, onun «bürünc»ünə İslam Abbasov (87 kq) da hay versəydi, çox yerinə düşərdi. Təəssüf ki, gənc bahadırın 3-cü yer üçün görüşdə erməniyə yenilərək «Laslo Papp»da ağlaması, hamımızı dilxor etdi. Yeri gəlmişkən, bu nəhəng arena məşhur macar futbolçusu Ferenç Puşkakın soyadını daşıyan metro stansiyasının yaxınlığında yerləşir.

Dünya çempionatı ilə bağlı keçirilən mətbuat konfransının sonunda Polşanın sərbəst güləş millisinin dağıstanlı baş məşqçisi Yusif Abdusalamov məşqçilər adından Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçə qarşı çıxaraq, yeni dəyişikliklərə narazılıq etdi. Bildirdi ki, yeni qaydalar məşqçiləri həddən artıq yükləyir və yorur. Səhər saat 6-da qalxıb komanda ilə çəkiyə yollanmaq, ordan da yarış məkanına və günortaya qədər qidalanmadan, fasilə vermədən çalışmaq üzücüdür. Məçqçilər qul deyillər, onlar da normal şəraitdə çalışmalıdılar. Finalların növbəti gündə keçirilməsi tamaşaçı marağını da azaldır. Onlar yeni çəkidə çıxış edən idmançıları canlı izləmək üçün, bir neçə dəfə bilet almalıdırlar. Ötən il Parisdə köhnə qaydalarla dünya çempionatının yüksək səviyyədə keçdiyini xatırladan şikayətçi, bütün mütəxəssislərin yeniliyin əleyhinə olduğunu dedi. O, ən azı, ildə bir dəfə Nenad Laloviçin məşqçilərlə görüş təşkil edilməsini istədi və qərar qəbul edilərkən “aşağılar”ın da rəyininin öyrənilməsini dedi. UWW prezidenti etirazı normal qarşıladı və bu barədə toplantı keçirəcəklərini söylədi.
Bu yarışda ən sevindrici məqam baş məşqçi Aslan Ağayevin adına layiq nəticə verməsiydi. Mariya Stadnikin (50 kq) finalda yapon səddinə ilişəcəyi artıq bütün idmansevərlərə bəllidir. Amma Rusiya kimi nəhəng, güləşdə aparıcı ölkənin Azərbaycanla müqayisədə, qadınlarda bir dənə də olsun medala sahib çıxmaması, dübarə, İrina Netrebanın (65 kq) da fərqlənməsi, biz tərəfdən fərəhliydi.

Qayıdım yenə Budapeştə. Nə vardı, elə onda vardı. Mərkəzdə bizdən fərqli hündür və müasir tikili görməzsən. Memarlıq binaları olduğu kimi qoruyurlar. Düzdür, şəhərin kənarında sovet əlaməti qalmaqdadır. Amma paytaxtın içi onlarçün müqəddəs sayılır. Parlament meydanın qarşısındakı yeraltıda 1956-cı ildə sovet qoşunları tərəfindən qırılan dinc əhalinin xatirəsi əbədiləşdirilib. İndi nəinki cavanlar, heç yaşlılar rus dilini bilmirlər, təmiz unudublar. Payızın 2-ci ayınının başa çatmasına baxmayaraq, madyarların baş kəndində hava hələ də yumşaq idi. Gündüzlər uzunqol qalın idman köynəyində gəzirdim. Axşamlar yeri düşəndə, üzərimə qolsuz jilet əlavə edirdim. Müşahidəmə əsasən deyim ki, Avropada Dunay sahili ölkələrdə yaz və payız çox mülayim və yumşaq keçir; gödəkçəyə elə də ehtiyac olmur.

Deyəsən, orada cavan nəsil maskaradı çox sevir. Axşamların birində Nyuqati palyaudvarın (dəmir yolu vağzalı) qarşısından hotelə qayıdarkən, ayını yamsılayan cüt gördüm. Oğlan qızın boyuna iri zəncir keçirmişdi. Hər ikisinin xəz papağı və uzun «quyruğ»u vardı. Öncə bu mənə qəribə gəldi. Oxşar mənzərələrdən sonra anladım ki, «ayılar» şənliyə yollanırmış.
Xatırlamıram oktyabrın neçəsiydi, günün günorta çağı mərkəzi küçənin birində yerləşən restoranın qırağında qızla qız heçnə olmamış kimi, ətraf veclərinə olmadan opüşürdü. Aydın məsələdir, ikisi də lezbian idi. Amma hansındasa oğlana bənzərlik sezmədim. Bir az hündürü digərini divara sıxıb qucaqlayaraq, şəhvət baxışla «sevgili»sinin dodağını aramla öpür, nəvaziş göstərirdi. İlk dəfə idi belə səhnəylə rastlaşırdım. Elə bildim, tək mənə qeyri-adi gəlir. Ancaq fikir verdim ki, yoldan keçənlər də onlara qəribə tərzdə baxırlar.
Orada gecə həyatı xoşuma gəlmədi. Gənclər əylənməyə çox meyllidirlər. Spirtli içkidən məst olanlar səs salaraq, dağıdıcılıq edirlər. Gecə sərxoş bir qızın tramvayın qapılarını tutub getməməsini əngəllədiyini gördüm. Qəribədir ki, içəridəkilərin heç biri ona irad bildirmədi. Halbuki köhnə nəqliyyat vasitəsi ağzınacan dolu idi. Düz mərkəz ortasında, telefon kabinəsinə və ağacın dibinə sidiyə gedənlərin dünya veclərinə deyildi. Turislərin gur olduğu yerlərdə cavan qızlar onlara yaxınlaşıb, 70-100 avroya intim təklif edirlər. Budapeştdə yaşamış bir həmyerlim söylədi ki, İstanbulda olduğu kimi, orda da əksər belə fahişələr əcnəbiləri aldadaraq kluba dəvət edir, qonaqların hesabına sifarişlər verir və axırda da şişirdilmiş hesab gəlir. Gəl indi ödəmə – qarşında polis görəcəksən.

Macarıstanın əhalisi 10 milyona çatmır. Buna elə paytaxtı gəzərkən bilmək olur. Küçədə tək-tük hamilə qadına rast gəlirsən. Körpə uşaqlı analar da az gözə dəyir. İctimai nəqliyyatda böyüyə yer vermək mədəniyyəti yoxdur. Havanın münasib keçməsinə rəğmən, qripə tutulan çox idi. Görünür, immunitetləri zəifdir. Budapeştə dünyanın 4 tərəfindən insanlar axın edir. Onlarla söhbətdə, əksəriyyəti Odlar yurdunu tanıyırdı. Özəlliklə, uzaq kanadalı, braziliyalı və yaponiyalı turistlərin Azərbaycanı haqqında bilmələri məni çox sevindiridi. Məmmələkətim həqiqətən məşhurdur. Bunda tək neft və siyasi amil yox, idmanda qazandığımız uğurların və böyük yarışlara yüksək təşkilatçılığın da rolu var. Bu, Çex Respublikası, Serbiya və İspaniyadan sonra, «Köhnə qitə»yə 4-cü səfərim idi. Sözsüz ki, siyasi-coğrafi baxımından gördüyüm Türkiyə, Rusiya, Ukrayna, Belarus və Gürcüstan da Avropa sayılır. Allah salamatçılıq eləsin, yeni səfərlər ümidi ilə bu yazdan ayrılıram. Ümid edrəm ki, oxuculara maarifləndirici bilgilər verə bildim.

Həmin kateqoriyadan