Cəbrayıl Həsənov və Eldəniz Əzizli reytinqdə liderliyə yüksəlib

Dünya Güləş Birliyi ötən həftə Rumıniyanın paytaxtında keçirilmiş Avropa çempionatının yekunlarına əsasən reytinq siyahısını yeniləyib. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər”in siyahısında müxtəlif çəkilər üzrə ilk “20-lik”də 11 yığma üzvü yer alıb. Buxarestdə 8 illik fasilədən sonra 3-cü Avropa çempionluğunu qeyd edən Cəbrayıl Həsənov (79 kq) xalını 60-a çatdırıb və indi onunla eyni xala malik amerikalı dünya çempionu Kayl Daykla 1-2-ci yerləri bölüşür.

Qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan daha 2 sərbəst güləşçimiz – Hacı Əliyev (65 kq) və Şərif Şərifov (92 kq) da reytinqdə irəliləyib. Hacı 22 xalla 8-ci, Şərif isə 20 xalla 11-ci pillədə qərarlaşıb. 57 kq-da ilk “20-lik”də iki güləşçimiz var. Ötən il Kaspiyskdə Avropa çempionu olan Georgi Edişeraşvili aktivindəki 18 xalla ilk “10-luğ”u qapayır. Ondan 2 xal geri qalan son Avropa çempionatının bürünc medalçısı Mahir Əmiraslanov isə 15-ci yerə yüksəlib.

Buxarestdən gümüş medalla qayıdan Ağahüseyn Mustafayev (70 kq) 18 xalla 11-ci pilləyə irəliləyib. 74 kq-da iki yığma üzvü ilk “20-lik”dədir. Abubakr Abakarovla Hacımurad Hacıyev 16 xalla 13-14-cü yerləri bölüşür. Murad Süleymanov isə 86 kq-da bu qədər xalla 16-cıdır. 97 kq-da da millimizin iki üzvü ilk “20-lik”də yer alıb. Arslanbek Alborov 18 xalla 12-ci, ondan 2 xal geri qalan Nurməhəmməd Hacıyev isə 17-ci pillədə qərarlaşıb.

Yunan-Roma güləşində 6 güləşçimizin adı ilk “20-lik”dədir. Bu dəfə Avropa üçüncüsü olan Eldəniz Əzizli xalını 76-ya çatdırıb və 55 kq-da vahid liderliyə yüksəlib. Buxarestdə bürünc medalı boynundan asan Taleh Məmmədov (63 kq) 28 xalla ilk “5-liy”i qapayır. Zədə üzündən qitə birinciliyində iştirak etməyən Rəsul Çunayev (72 kq) 25 xalla 8-cidir. Elvin Mürsəliyevin (77 kq) aktivində 16 xal var və 12-ci yerdədir. Avropa ikincisi olan İslam Abbasov (87 kq) xalını 40-a çatdırıb və 4-cü pilləyə yüksəlib. Orxan Nuriyev (97 kq) isə 16 xalla 16-cıdır.

Qadın güləşində isə yığmanın 7 üzvü ön sıralardadır. Komandanın lideri Mariya Stadnik (50 kq) aktivindəki 40 xalla ilk “3-lüy”ü qapayır. 53 kq-da Anjela Doroqan (14) 16-cı, 57 kq-da Alyona Kolesnik (12) 15-ci, 59 kq-da Elmira Qəmbərova (16) 12-ci, 62 kq-da Tatyana Omelçenko (16) 13-cü, 65 kq-da Elis Manolova (20) 9-cu pillədə qərarlaşıb. İrina Netrebanın adı isə həm 65, həm də 68 kq-da ilk “20-lik”dədir. İrina 65 kq üzrə 25 xalla 6-cı, 68 kq-da isə 14 xalla 18-ci sıradadır.

Qeyd edək ki, Avropa və dünya çempionatı kimi nüfuzlu yarışlarda püşkatma zamanı reytinq siyahısı nəzərə alınır. 

Həmin kateqoriyadan