Kamran HACI
Cənab Məmmədov futbolumuzu niyə 6 il geri saldı?

Kamran Hacı | kamran-haji@mail.ru

Avropa çempionatı-2016-nın seçmə mərhələsində «H» qrupunda növbəti 2 matçına çıxdı. İlk rəqib millimizin birinci oyunda səfərdə 0:6 hesabı ilə uduzduğu Xorvatiya seçməsi idi. Robert Prosineçkinin gəlişindən sonra vacib xallar qazanaraq, quyunun dibindən çıxan «ay-ulduzlar»ımız, bu mübarizədə də inamlı təsir bağışladı; çətin və prinsipal görüşdən üzüağ çıxdı. Maltada qazanılan 1 xala da şükür etməliyik. Azərbaycan millisi əlahiddə imkanları olan komanda deyil. FİFA reytinqində hazırda 291 xalla 110-cu yerdədir. Elə tək bu fakt çox şeyi deyir. Başdan yuxarı tullanmaq olmaz. Gəlin razılaşaq, futbolumuzun səviyyəsi budur. Bir-iki oyunçu formada olanda, sevinirik. Amma bir nəfər də demir və ya yazmır ki, futbol komanda oyunudur – bir-iki çiçəklə yaz olmaz. Əksəriyyət yüksək hazırlıq formasında olmalıdır.

Ümümiyyətlə, xorvat mütəxəssis millinin başına keçəndən oyunda irəliləyiş hiss olunur. Ardıcıl 4 rəsmi matçda məğlub olmayan Azərbaycan yığması böyük uğura yetişib. Məni burada bir məqam düşündürür: olmazdımı ki, AFFA-nı təkbaşına idarə edən Elxan Məmmədov Robert Prosineçkini, ümumən, digər bir bacarıqlı mütəxəssisi biabır olduqdan sonra deyil, daha əvvəl – öncəki mərhələlərdə, Foqts batıra-batıra gedəndə, dəvət edəydi? Axı, açıq-aydın görünürdü ki, Foqts vəzifəsinin öhdəsindən gələ bilmir. Dövrü keçmiş çalışdırıcını 6 il Azərbaycanda saxlamağın nə mənası vardı?

Dünyada futbol indi çox inkişaf edib. Ağasəlim Mircavadov müsahibələrində həmişə gəlmə məşqçiləri qınayır və deyir ki, onlar futbolumuzu hansısa Afrika ölkəsi ilə müqayisə edirlər. Amma 68 yaşlı mütəxəssis unudub ki, «qara qitə»də bu idman növü çoxdan yüksəlişdədir. Vaxtı ikən adlarını belə eşitmədiyimiz Toqo, Qana, Seneqal və Anqola kimi milli komandalar Dünya Kubokunun final mərhələsinə çıxır, gözəl oyun nümayiş etdirir və nəticə əldə edir. Avropanın «cırtdan ölkələri» indi nəinki rəqibə qol vurur, ondan xal alır, imkan düşəndə, qalib də gəlir. Məsələn, elə həmin məlum Lixtenşteyni nümunə çəkmək olar.

Məşədinin sözü olmasın, Gülnaz xanımın, yox əşi, gerr Foqtsun nəyi onun xoşuna gəlmişdi ki, yaxasından əl çəkmirdi, ətək-ətək pulları onun yolunda tökürdü. Cavanlığı? – Əsla, ərz elədim ki, o cavan deyil; peşəkarlığı? – O da ola bilməz, dedim axı, onun erası ötən əsrin son onilliyində qalıb.
Bəs nəyi? Hə, onda belə ehtimallar ola bilər ki, komandasının yerində saymasına rəğmən, «Teryer»i vəzifəsində saxlayan qüvvə 3 cür ola bilər: O kimsənin,

  • Foqtsu evə göndərməyə gücü yetmirdi;
  • Onunla gizli sövdələşməsi vardı;
  • Ya da qanı qeyri-azərbaycanlı olsun. Yəni Azərbaycan millisinin uğursuzluqları vecinə olmasın. Başqa sözlə, Sabir demiş, «millət necə tarac olur olsun, nə işim var» məsəli üstündə qurulub tifağı.

Nədirsə bunlardan heç birinə inanmıram. Amma ötən 6 ili futbolumuz itirdi; nə getdi, bağdan getdi. Onsuz da futbolçularımızın səviyyəsi getdikcə aşağı düşür. Zaur Tağızadə, Samir Əliyev, Kamal Quliyev, Bəxtiyar Musayev, Mahmud Qurbanov, Vadim Vasilyev nəsli indikindən, Nazim Süleymanov, Vəli Qasımov, Samir Ələkbərov, Yunis Hüseynov, Vidadi Rzayev dönəmindəkilər isə adları birinci sadalananlardan səviyyəcə yüksəkdə idilər. Amma rəhmətlik Əhməd Ələsgərovla Ruslan Abdullayev kimi məşqçilərə lazımi imkan verilmədiyindən, zamanında bizim futbol tərzinə uyğun əcnəbi mütəxəssislər cəlb edilmədiyindən, uşaq futboluna yetərli diqqət ayrılmadığından, hazırkı səviyyə göz qabağındadır. İnkişafa nail olmağın əsas yolu maliyyədir. İndi bu bizdə lazımıncadır. Belədə, düşən fürsəti niyə lazımınca dəyərləndirməyək?
Təbii ki, futbolumuzu kim inkişafdan saxlayırsa, o bizdən deyil…

Həmin kateqoriyadan