Cavid Qurbanov: Ümid edirəm ki, millimiz dünya çempionatında özünü yaxşı tərəfdən göstərəcək

Bu gün AVF-in prezidenti Cavid Qurbanov dünya çempionatının hazırlıqlarına başlayan qadın millimizlə görüşüb. Allsport.az saytı xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzinin iclas zalında baş tutan görüşdə əsas yığma ilə yanaşı, ikinci heyət və federasiya rəsmiləri də iştirak edib. AVF başqanı voleybolçuların problemləri ilə maraqlanıb. O bildirib ki, dünya çempionatı öncəsi kollektivdə əhval-ruhiyyə yüksək olmalıdır və komandamız mundailda özünü yaxşı tərəfdən göstərməlidir: “Yığmamızı qarşıda dünya çempionatı gözləyir. Sentyabrın 29-dan oktyabrın 20-dək voleybol dünyasının ürəyi Yaponiyada döyünəcək. Düzdür, Avropa çempionatında medalçılar sırasına düşə bilmədik. Bunu mən bir qədər şanssızlıq adlandırardım. Amma ümid edirəm ki, komanda mundialda özünü yaxşı tərəfdən göstərəcək”.

Qurbanov millimizin Qızıl Avropa Liqasında çıxışını da dəyərləndirib. O vurğulayıb ki, bu yarış gənclərimizin inkişafda olduğunu ortaya qoyub: “Qızıl Avropa Liqasında gənclərə güvəndik. Polina Rəhimova, Valeriya Məmmədova və başqa təcrübəli voleybolçularımız heyətdə yer almasalar da, gənclər özlərini doğrultdu. Bəziləri yığmada ilk matçlarına çıxsalar belə, oyunlarından razı qaldım, inkişafdadırlar. Bunlar məni sevindirir. İnanıram ki, qarşıdakı yarışlarda daha güclü olacağıq və lazımı nəticəni qazanacağıq”.

Qeyd edək ki, yığmamız iyulun 9-dan bir araya gəlib. İlk 3 gündə tibbi müayinədən keçən voleybolçularımız sabahdan fiziki hazırlığa başlayacaq. Komandamız iyulun ortalarında isə Sloveniyaya təlim-məşq toplanışına yollanacaq.

 

Həmin kateqoriyadan