“CBC Sport” Türkiyə superliqasını da yayımlayacaq!

“CBC Sport” gözlənilməz addım atıb. Allsport.az saytı xəbər verir ki, telekanal Türkiyə superliqasını Azərbaycanda yayımlayacaq. Bu barədə kanalın rəsmi saytında məlumat verilib:

“Böyük sevinc hissi ilə tamaşaçılarmıza, futbol ictimayyətinə, futbolu sevən hər kəsə bildirmək istəyirik ki, Türkiyə Super Liqasının oyunları tarixdə ilk dəfə Türkiyədən kənarda fəaliyyət göstərən və açıq yayımda olan kanal vasitəsi ilə yayımlanacaq. Bu ilkə “CBC Sport” imza atdı.

Azərbaycana gələn gündən bu çempionatın burada yayımlanmasına çalışdım. Və budur çoxsaylı danışıqlardan sonra “Saran Holding”, “Digi Türk” və AFFA-dan olan dostlarmızın köməyi ilə biz, nəhayət, bu bayramı sizə yaşada biləcəyik. “Qalatasaray”, “Fənərbağça”, “Beşikdaş”, “Trabzonspor” kimi köklü klublarla yanaşı, Türkiyə superliqasında mübarizə aparan digər komandaların oyunlarını da təqdim edəcəyik. Həftədə 2 görüşü canlı yayımlayacağıq.

İşgüzar əlaqələrimdən yararlanıb, derbi qarşılaşmalara və mərkəzi matçlara şərhçilərmizi göndərməyə çalışacağıq. Azərbaycan çempionatında olduğu kimi, meydanın kənarında “CBC Sport”un studiyasının quraşdırılmasına cəhd göstərəcəyik.

Beləliklə, Türkiyə futbolu ilə maraqlananlar, istəkli azarkeşlər superliqa oyunlarına artıq kafelərdə, xüsusi yüksək ödənişli peyk kanalları vasitəsilə deyil, Azərbaycanda sərbəst yayımda olan və bütün  ölkəni əhatə edən “CBC  Sport”la baxacaqlar.

Biz daim inkişafda olmağa, idmansevərlərin zövqünü oxşamağa çalışırıq. Ümid edirəm ki, futbol qurmanları Türkiyə superliqasının oyunlarını bizimlə izləyib, o gərgin və gözəl, özünəməxsus mübarizədən zövq alacaqlar.
Sürprizlər kanalını izləməkdə davam edin və bizimlə qalın.

Hörmətlə “CBC Sport” ailəsi!”

Həmin kateqoriyadan