Çingiz Hüseynzadə: Əsas məqsəd, təkcə idman yarışları deyil, qitə festivalını bayrama çevirməkdir

Ən ümdə dayanan vəzifə, həmin yeniyetmələrin gələcəkdə əsas komandada yüksək nəticə qazanmalarıdır

Fikrimcə, Minsk-2019 olimpiadaya iddialı idmançılarımız üçün ən yaxşı sınaq yarışıdır

ABŞ prezidenti Con Kennedi dövlətin nüfuzunun iki şeylə ölçüldüyünü deyirdi: biri – kosmik raketlər, digəri – olimpiya qızıl medalları. Biz ikinci yoldayıq. Çünki idman ölkə siyasətinin ayrılmaz bir hissəsidir və o da həqiqətdir ki, idman uğurları, rekordları çox vaxt tarixi baxımdan nisbətən qısaömürlü olsalar da, dərhal, qazanıldıqları andan dillərə düşür, sahiblərinin və onların təmsil etdikləri ölkələrin adını dilə-dişə salır, məşhurlaşdırır, dünyada tanıdır.
Növbəti «dördilliy»in idman bayramına ilyarım vaxt qalsa da, həyacan indidən hiss edilməkdədir. Məsələ onda deyil ki, qarşıdan Tokio olimpiadasına lisenziya və xallar verən yarışları gəlir. Bayram ovqatı, iyunda Belarus paytaxtında keçiriləcək 2-ci qitə oyunları və bundan bir ay sonra, Bakıda Avropa yeniyetmələrinin yay olimpiya festivalı ilə duyulmaqdadır. Başqa sözlə, obrazlı, «Meşə dələsi» olimpiya məşələni «İncə» və «Cəsur»dan alıb Minskdə şölələrindərərək, təzədən «Cırtdan»la «Bəbir» ötürməyə hazırlaşır.
Mənim qəhrəmanımsa, yəni müsahibim, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadədir. Onu çoxdan tanıyıram. Çox sadə, mehriban və sakit təbiətli insandır. Uzun illərdir bu vəzifənin başındadır. Bu günə kimi ona etimad varsa, demək, işinin öhdəsindən layiqincə gəlir. 71 yaşının olmasına rəğmən, ruhu gəncdir. Çünki qəlbi daim olimpizimlə döyünür və qidalanır.

– Çingiz müəllim, 1-ci olimpiya festivalından başlayaq. 3 aydan sonra Avropa yeniyetmələri paytaxtımıza toplaşacaqlar…
– Bu yarışın Bakıda keçirilməsi yeniyetmə idmançılarımız üçün böyük fürsətdir. Adından göründüyü kimi, bu, bir festivaldır: onlar burda özlərini sınamaq imkanı qazanırlar. Tədbir doğma divarlar arasında keçiriləcəyindən, tam heyətlə çıxış edəcəyik. Adətən, Avropa yeniyetmələri festivalında fərdi proqramda iştirak edirik. Amma burada çalışmışıq ki, top-komanda yarışında da mübarizə aparaq. Düzdür, bizimkilər bu istiqamətdə başqa Avropa ölkələrindən geri qalırlar. Buna baxmayaraq, basketbolçu, həndbolçu və voleyboldçularımıza evdə olimpiya ab-havasını yaşamaq fürsəti vermişik. Ümumi komandanın sayı 175 nəfərə kimi nəzərdə tutulub. Adətən, biz qitə festivalarına 40-45 idmançı ilə yollanırıq. Təbii, müxtəlif növlərdə nəticə müxtəlif olacaq. Bu yarışın yekun statistikasına nəzər yetirsək, medallarımızı yalnız 2 idman növündə görərik: cüdo və atletika. Ümid edirəm ki, evdə də, ən azı, eyni hal təkrarlanacaq. Üstəlik, yarışın proqramına güləşin salınmasına nail olmuşuq. Bu da sözsüz, gücümüzə güc qatacaq. Qeyd edim ki, yeni gimnastlarımız yetişir ki, onlarda uğur qazana bilərlər. Əsas məqsəd, təkcə idman yarışları deyil, bu tədbiri Azərbaycan tamaşaçıları üçün bayrama çevirməkdir. İlk dəfə biz yeni proqramın salınmasına nali olmuşuq. Bu, mədəniyyət və təhsildir. Bizdən 49, Avropa olimpiya komitəsi tərəfindən 25 məktəb seçilib. Onlar daim bir-biri ilə təmasda olacaqlar, bayram ab-havası bütün qitədə hiss ediləcək. Belədə, Azərbaycan Avropada daha tanınacaq və oranın mədəniyyəti paytaxtımızda nümayiş olunacaq.

– Komandanın qarşısına hansı tapşırıq qoyulub?
– Biz bu məsələyə sırf yarış kimi deyil, festival kimi yanaşırıq. Demək, komanda hesabında hansı yeri tutmaq məqsədi yoxdur. Tarix göstərir ki, bu idman bayramlarında müxtəlif ölkələrin nəticələri müxtəlif olur. Bu yaş qrupundan irəli gəlir. Misal üçün, 2007-ci ildə Belqradda keçirilən Avropa yeniyetmələrinin festivalında ölkəmiz 7 qızıl (4 cüdo, 3 atletika) medal qazandı. Bu, gözlənilməz nəticəydi. Həmin dövrdə bizdə güclü heyət vardı. Bakı festivalında ilk onluğa düşmək əsas hədəfdir. Ən ümdə dayanan vəzifə isə, həmin yeniyetmələrin gələcəkdə əsas komandada yüksək nəticə qazanmalarıdır. Avropa olimpiya komitəsi özündə belə bir hesabat aparır ki, bu festivalda fərqlənərlər sonradan yay olimpiya oyunlarında da uğur qazanır, ya yox. Bizdə seviniləsi məqam, sözü gedən tədbirdə baş mükafata yiyələnən qaçışçı Ramil Quliyevin gələcəkdə dünya çempionu olmasıdır.

– Bu yarışın həyacanı bitər-bitməz, diqqət Minskə yönələcək. 2-ci Avropa oyunlarından göznəltiləriniz nədir?
– Təqribi hesablamaya görə, 2-ci Avropa oyunlarında 70-75 idmançımızın iştirakı gözlənilir. İlk oyunlar həminə yadda qalır, müqayisə aparılır. Amma öncədən də bəlli idi ki, qitə oyunlarında mənzərə fərqlidir. Burda növlər azdır, eksperimentilər aparılır. Bəzi yarışlar Avropa çempionatı statusundadır, bəzisi olimpiya xalları verir. Eləsi var, birbaşa Tokio oyunlarına vəsiqə verəcək.
Minsk-2019-da yalnız şəxsi proraqmada  çıxış edəcəyik. Güləş, boks, cüdo növlərində tam heyətlə yollanacağıq. Samboda da medallarımız ola bilər. Belarusa ən güclülərin aparılması nəzərdə tutulub. Əlbəttə, Bakıdakı nəticələr təkrar oluna bilməz. Amma çalışmaq lazımdır ki, ilk onluğa düşək, vacib lisenziya xalları qazanaq. Fikrimcə, Minsk-2019 olimpiadaya iddialı idmançılarımız üçün ən yaxşı sınaq yarışıdır. 

– Tokio oyunlarından söz düşmüşkən, indiki durumu təhlil edərdiniz. Hər şey qaydasındadırmı?
– Həmişə olduğu kimi, olimpiya oyunları qabağı durum gərgin olur. Bəzən lisenziya yarışlarında gözlənilməz hadisələr baş verir. Düşünürəm ki, bu dəfə biz kifayət qədər normal heyətlə yollana biləcəyik. Adətən, son olimpiadalarda komandada 50-dən artıq idmançı olur. Bu dəfə də belə olacağına inanıram. Hələlik voleybolçu qızlarımız fürsətlərini qaçırmayıblar. Onların təsnifat yarışı olacaq. Allah kərimdir, hər şey ola bilər. Sözsüz, Tokioda keyfiyyətə fikir verməliyik ki, medalları əyarı yüksək olsun.

– Rioda 18 medal qazandıq. Aydın məsələdir ki, şəxsi mübarizlikdə favoritlərdən olan ev sahibləri ilə rəqabət çətin olacaq. Belədə, kəmiyyət deyil, keyfiyyət önə keçməlidir.
– Razıyam. Amma idmanda bəxt məsələsi var. Rioda 7 finalda uduzduq, demək, 7 qızıl medal əlimizdən çıxdı. Avarçəkənimiz Valentin Demyanenko son saniyələrdə rəqibini önə buraxdı, güləşçi Mariya Stadnik görüşün bitməsinə 3 saniyə qalmış xal verdi, Xetaq Qazyumovda nədənsə, alınmadı.  Boksçumuz Lorenzo Sotomayor udmuşdu, qələbəni vermədilər və sairə. Əsasən fiziki hazırlığa önəm vermək lazımdır. Çünki yapon idmançılar bütün idman növlərində fiziki cəhətdən hazırlılqlı olurlar. Eyni zamanda, finala çıxanda daha inamlı olmaq, axıra qədər mübarizə aparmaq lazımdır. Həlledici görüşdə olimpiyaçılarımız arxayınlaşmamalı, gümüş medala öncədən razılaşmamalıdır. Əvvəlkilərlə müqayisədə, burada bir üstünlüyümüz, karatenin proqrama salınmasıdır. Bu növdə bizdə güclü kimino ustaları var, onlardan da istənilən çəkidə və əyarda medallar gözləyə bilərik. Taekvondoçuların imkanları var, Rioda 4 nəfərə 3 mükafat qazandılar. Yenə hazırlıqlı görünürlər. Boksda indi durum tam bəlli deyil. AİBA BOK-la vəziyyəti nizamlasa, xeyrimizə olacaq, ədalətli hakimlik təmin olunacaq. Cüdoda fərqlənəcəyik, amma qızıl medal çətin olacaq. Çünki bu Yaponiya idman növüvünün vətənidir. Güləşdə durum müəmmalıdır. Onu bilirəm ki, hər çəkidə medala namizədik. Lakin bu necə baş verəcək, burdakı hazırlıq deyil, orada son yarış günü müəyyən olunacaq. Səviyyə baxımından heç bir ölkədən geri qalmırıq. Ümumi 10 medal qazanacağımızı ehtimal edirəm və bundan 2-3-ünün qızıl olmasına istiqamətlənməliyik.

Söhbətləşdi: Kamran HACI

Həmin kateqoriyadan