Çingiz Hüseynzadə qitə olimpiya komitəsinin seminarında

Avstriya paytaxtı Vyanada Avropa olimpiya komitəsinin növbəti seminarı keçirilir. Allsport.az saytı xəbər verir ki, toplantıda Azərbaycan nümayəndə heyətini AOK-un icraiyyə komitəsinin üzvü Çingiz Hüseynzadə və MOK-un marketinq direktoru Mehman Kərimov təmsil edirlər.

Yığıncaq çərçivəsində “İdmanın Avropa modeli”, “Olimpiya idman tədbirləri”, “Avropada idmanın təbliğində qadının rolu”, “Cəmiyyətə idmanın təsiri və sosial inteqrasiya”, “İdmanda yüksək texnologiyalar”, “İdmanın kommersiyalaşdırılması”, “İdman və urbanizasiya” mövzularında sessiyalar keçirilir.

Tədbir çərçivəsində Bakı-2019 Avropa gənclər yay olimpiya festivalı, Minsk-2019 Avropa oyunları, Tokio-2020 və Paris-2024 olimpiadalarına dair hesabat və fəaliyyət planı təşkilat komitələri tərəfindən təqdim olunub. Əlavə olaraq, ümumdünya antidopinq agentliyinin məruzəsi və kiçik Avropa ölkələrinin oyunları gündəlikdə olan məsələlər sırasındadır.

Həmçinin, AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə “Pyotr Nurovski – Avropanın ən yaxşı gənc idmançısı” mükafatının qalibi müəyyənləşəcək. Sonda 2020-ci ildə AOK-un 41-ci seminarının keçiriləcəyi ölkənin adı açıqlanacaq.

Həmin kateqoriyadan