Cüdo üzrə Azərbaycan çempionatının təntənəli açılışı keçirildi

Bu gün Bakı İdman Sarayında kişilər, qadınar və usta cüdoçular arasında Azərbaycan çempionatının açılışı keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə ilk olaraq  iştirakçı komandalar meydana dəvət olundular. Ardınca gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev çıxış edərək ölkəmizdə idmanın və olimpiya hərəkatının sürətli inkişafından, paytaxt və bölgələrimizdə müasir olimpiya idman komplekslərinin tikilməsindən söhbət açdılar. Natiqlər idmançılarımıza yüksək səviyyədə dövlət qayğısının göstərilməsindən və bunun sayəsində atletlərimizin, xüsusilə də cüdoçularımızın beynəlxalq arenalarda qazandıqları uğurlardan bəhs etdilər. Çıxışçılar tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə təbrik etdilər və idmançılara çempionatda uğurlar dilədilər.

Sonra Cüdo federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış edərək cüdoçularımızın 2017-ci il ərzində qazandıları möhtəşəm qələbələrdən söhbət açdı. O, idmançılara ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etdiklərinə görə dərin təşəkkürünü çatdırdı və növbəti ildə bu uğurların davamını gətirmələri üçün onlara hər cür şəraitin yaradılacağını bildirdi. Rövnəq Abdullayev çıxışının sonunda çempionatı açıq elan etdi və hər bir cüdoçuya qələbə arzuladı.

Azərbaycan respublikasının dövlət himni səsləndirildikdən sonra, 2018-ci ildə ölkəmizdə təşkil olunacaq cüdo üzrə dünya çempionatının rəsmi loqosunu əks etdirən videoçarx nümayiş olundu. Rəsmi hissə başa çatdıqdan sonra açılış mərasiminə tanınmış incəsənət ustalarının iştirakıyla  keçirilən bədii hissə ilə yekun vuruldu.

Həmin kateqoriyadan