Dağ velosipedçilərimizin Bakı-2015-ə hazırlığı davam edir

Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək dağ velosipedi (MTB) üzrə Azərbaycan yığma komandası məsul yarışa hazırlığı Sloveniyada davam etdirir. Allsport.az xəbər verir ki, təlim-məşq prosesi çərçivəsində idmançılarımız beynəlxalq turnirlərdə də iştirak edirlər.

Aprelin 6-da Sloveniya, İtaliya, Xorvatiya və Avstriyadan olan 60 velosipedçinin iştirakı ilə təşkil olunmuş yarışda Avropa Oyunlarında iştirak etməyə namizəd olan yığma komandamızın 4 üzvü – Aqşin İsmayılov, Aqşin Bağırlı, Murad Sultanov və Orxan Məmmədov da iştirak edib. İdmançılarımızdan ən yüksək nəticəyə Aqşin İsmayılov imza atıb – o, 13-cü nəticə göstərib. Qeyd edək ki, martın 29-da Avstriyada 100-dən artıq idmançının iştirakı ilə keçirilən digər yarışda Aqşin 24-cü olmuşdu.

Sloveniya turnirində mübarizə aparan digər velosipedçilərimizə gəlincə, Aqşin Bağırlı 19-cu, Orxan Məmmədov 20-ci, Murad Sultanov isə 22-ci yeri tutub.

Həmin kateqoriyadan