Daha 5 təmsilçimiz növbəti raundda

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Allsport.az xəbər verir ki, yarışın üçüncü günü Azərbaycan idmançıları üçün uğurlu olub. Rinqə çıxan 5 boksçumuzun hamısı qalib gəlib. 70 kq çəki dərəcəsində çıxış edən Rasim Çobanlı çexiyalı Daniel Svestkanı mübarizədən kənarlaşdırıb – 3:0. Boksçumuz 1/4 finalda Belarus nümayəndəsi Mikita Krasnabayevlə qarşılaşacaq.

Ruslan Rüstəmovun (46 kq) qələbəsi isə daha əlamətdar olub. Milli komandamızın üzvü erməni boksçusu Jirayr Sargeyan üzərində inamlı qələbə qazanıb – 3:0. Həmyerlimiz ¼ finalda rusiyalı Pavel Ryasniylə üz-üzə gələcək.

75 kq çəki dərəcəsində mübarizə aparan Hacı Dilbazov da Avropa birinciliyinə qələbə ilə başlayıb. Dilbazov İsrail təmsilçisi Vyaçeslav Şemetovu məğlub edib – 3:0. Boksçumuz 1/4 finalda ukraynalı İvan Çubreviçevlə görüşəcək.

Malik Həsənov isə (48 kq) Ukrayna təmsilçisini yarışdan kənarlaşdırıb. Həsənov Sergey Korol üzərində qələbə qazanıb – 3:0.

Məhəmməd Abdullayev (80+kq) Avropa birinciliyində ikinci görüşünü nokautla başa vurub. Boksçumuz litvalı Marek Korolkovu 2-ci raundda təslim olmağa məcbur edib. Yarımfinala vəsiqə əldə edən Abdullayev Ukrayna idmançısı Vyaçeslav Qavrilyukla qarşılaşacaq.

Avropa birinciliyinə noyabrın 8-də yekun vurulacaq.

Həmin kateqoriyadan