“Dandalk”ın futbolçularına Bakıda polis qadağası

Çempionlar liqasının 2-ci ələməsində “Qarabağ”la əvəz oyunu üçün Bakıya səfər edən “Dandalk” problemlə üzləşiblər. Allsport.az saytının İrlandiya mətbuatına istinadən məlumatına görə, xoşagəlməz hadisə komandanın məskunlaşdığı otelin yaxınlığında baş verib.

İrlandiyalı fotoqraflar və RTE müxbiri komandanın oyunçuları Şon Qennon və Ceymi Makqartdan otelin qarşısındakı dəniz sahilində müsahibə almaq və fotosessiya etmək istəyiblər. Lakin yerli polis müdaxilə edərək, buna icazə verməyib. Matç.az-n məlumatına görə, bununla bağlı açıqlama verən Qennon polislərin hərəkətindən təəccübləndiyini söyləyib:

“Gəzintidə olduğumuz zaman polislər ortaya çıxdı. Həmin vaxt RTE əməkdaşı ilə birlikdə idim, ətrafa baxdıqda Ceymi tərəfə gedən kiçik polis maşını gördüm. Ceymi həddən artıq sakit oğlandı, ancaq Azərbaycan dilini bilmir. Hərəkətlərdən elə başa düşülürdü ki, bizi kameraya salacaq. Baxışları ilə bizi həbs etmişdilər. Sadəcə, dedilər ki, icazəmiz yoxdur və 5 dəqiqə ərzində 8 və ya 9 polis ora toplaşdı. Nə baş verdiyini bilmirəm. Fotosessiya üçün icazə almalı olduğumuzu bildirdilər. Hamısı telefonla danışırdı, biz də ordan uzaqlaşmağa çalışdıq. Yenidən otelə qayıtmağımız əla oldu”.

28 yaşlı müdafiəçi şəhər barədə isə xoş fikir səsləndirib: “Bakı gözəl şəhər kimi görünür. Gəldiyimiz ilk gün gəzdik, gecə saatlarında otelə döndük. Poker klubu var idi və Con Montni, Patrik Hoban da olmaqla, 6-7 nəfər bütün günü orda keçirdi”.

Xatırladaq ki, cavab görüşü bu gün “Dalğa arena”da keçiriləcək. Komandalar arasında İrlandiyada baş tutan ilk matçda 1:1 hesabı qeydə alınıb.

Həmin kateqoriyadan