Davud Kərimi: Bu böhrandan yaxa qurtarmalıyıq

“Kəpəz” klubunun əsas qapıçısı Davud Kərimi kapazpfc.az-a müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə, qolkiper komandada olan mövcud duruma aydınlıq gətirib.

– İlk öncə “Qarabağ” ilə oyun haqda fikirlərini bizimlə bölüşərdin.
– Ardıcıl məğlubiyyətlərdən sonra Ağdam klubu ilə görüşdə uğurlu nəticə qazanmaq istəyirdik. Həm də bu il Gəncədə ilk ev oyunumuz olduğundan sərfəli nəticəyə ümid edirdik, məqsədimiz qara zolaqdan çıxmaq idi. Meydanın vəziyyətindən asılı olmayaraq komanda yoldaşlarım əzmlə mübarizə apardılar. Rəqib ani bir səhvdən qol vurub qələbə qazandı. Bu, onların ustalıq səviyyəsinin göstəricisidir. Biz azarkeşləri, baş məşqçimizi və klub rəhbərliyini çox sevindirmək istəyirdik, amma alınmadı. Diqqətimizi “Neftçi” ilə oyuna yönəltmişik.

– Oyundan sonra keçirilən mətbuat konfransında Şahin Diniyev “Kəpəz”in artıq çətin psixoloji durumdan çıxdığını bildirdi. Bəs sən nə düşünürsən?
– Mövsümün ikinci hissəsinin “İnter” ilə ilk matçında fasilədən sonra komandanın oyununda durğunluq yarandı. Ardıcıl “Zirə” və “Sumqayıt”a qarşı matçlarda uğursuzluğa düçar olduq. Amma “Qarabağ” ilə oyun öncəsi istər məşqçilər korpusu, istərsə də futbolçularda əhval-ruhiyyə yerində idi, tam başqa motivasiya, istək vardı. Düşdüyümüz vəziyyətdən çıxmaq üçün daha həvəslə mübarizə aparmağa hazır idik. Futbolçular olaraq məşqlər və oyunlardan sonra oturub söhbətləşirik, birlikdə durumu müzakirə edirik. Yaxşı başa düşürük ki, bu böhrandan yaxa qurtarmalıyıq. Çünki belə davam edə bilməz. Kimin oynamasından asılı olmayaraq komanda kimi çətin vəziyyətdən çıxmalıyıq. “Qarabağ”a qarşı oyun göstərdi ki, uşaqlar meydanda lazımınca vuruşdular, hər qarış uğrunda mübarizə apardılar. Əslində digər görüşlərdə də yaxşı oynamağa çalışmışdıq, amma adi səhvlərdən qollar buraxıb uduzmuşuq. Artıq psixoloji sarsıntı geridə qalıb, “Neftçi” ilə qarşılaşma bizim üçün dönüş nöqtəsi olmalıdı. İnşallah, belə də olar.

– Yeri gəlmişkən, baş məşqçi matçdan sonra səni də oyununa görə fərqləndirib haqqında xoş sözlər söylədi.
– İlk öncə deyim ki, bəzi mütəxəssislər və jurnalistlər məni artıq karyeramı bitirmiş qapıçı hesab edirdilər. İtirib-axtaran da yox idi. Sağ olsun ki, Şahin müəllim hamının gözündə sönmüş qolkiperə inanaraq komandasına cəlb etdi və “Qarabağ” kimi güclü rəqiblə görüşdə çərçivədə etimad göstərdi. Mən bəslənən ümidləri doğrultmaq üçün bu oyunda çox çalışdım ki, qol buraxmayım. Amma minimal hesabla uduzduq. Fikrimcə, qapıda pis durmadım. Arzum bunun davamını gətirməkdir. Sübut etmək istəyirəm ki, bu komandaya elə-belə gəlməmişəm, “Kəpəz”ə kömək etmək istəyirəm.

– Uzun müddət elitada oynamayan qapıçı kimi mövqeyində inamlı ola biləcəyini gözləyirdin?
– 4 ilə yaxındır ki, Premyer Liqada oynamırdım. Uzun müddətdən sonra meydana çıxdım. Əslində əvvəllər “Qarabağ”, “Qəbələ”, “Neftçi” və digər iddialı klublara qarşı çox oynamışam. Ona görə də təcrübəmə güvənirdim, bilirdim ki, bunun sayəsində inamlı çıxış edə bilərəm. Mövqeyimdə çox rahat idim, həyacanlanmırdım. Uşaqlara da minnətdaram ki, mənə dəstək oldular. Hər epizodda yanımda idilər.

– Növbəti oyun üçün nə düşünürsən, qapıda sən duracaqsan?
– Yəqin ki, yenə mənə güvənərlər. Amma dəqiq heç nə bilmirəm. Şahin müəllim nə qərar versə, ona hörmətlə yanaşacağam. Yenidən çərçivəyə keçməyi çox istəyərəm. Ancaq bu, tək məndən asılı deyil.

Həmin kateqoriyadan