Dünya çempionatının bürünc mükafatçısı: Azərbaycan gimnastikası dünya səviyyəsinə çıxır

“Azərbaycan gimnastikası dünya səviyyəsinə çıxır və bizdən qorxmağa, bizimlə hesablaşmağa başlayırlar”. Allsport.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan gimnastı, idman gimnastikası üzrə Dünya Çempionatının bürünc mükafatçısı Oleq Stepko deyib.

Onun sözlərinə görə, Azərbaycan gimnastlarının cari il göstərdikləri nəticələr bu iddianın ən yaxşı təsdiqidir.

Xatırladaq ki, O.Stepko Qlazqoda keçirilən Dünya Çempionatında paralel qollar üzrə yarışın finalında 15,966 bal toplayaraq bürünc medal qazanaraq və Rio-de-Janeyroda keçiriləcək 2016-cı il Olimpiya Oyunlarına lisenziya əldə edib.

O.Stepko bildirib ki, qarşıma minimum məqsədlər qoymuşdum, lakin hesab edirəm ki, maksimuma nail olmuşam: “Qeyd etmək istəyirəm ki, ildən-ilə rəqabət artır. Əgər ötən il Dünya Çempionatında 16 bal toplayan gimnast birinci yeri tuturdusa, bu il artıq ilk üç gimnast 16 bal toplayıb. Gimnastikanın səviyyəsi artır, yüksək hazırlıq səviyyəsini göstərən çoxlu yeni maraqlı gimnastlar yetişir. Məsələn, götürək çıxışını daha əvvəl yalnız Panamerikan Oyunlarında gördüyüm Kuba təmsilçisini. Artıq o, Dünya Çempionatının ilk üçlüyündədir. Asan olacağını gözləmirdim, çünki bu, Olimpiadaya ən son seçimdir”.

Gimnast vurğulayıb ki, 2016-cı ilin fevralında Bakıda “Challlenge Cup” seriyalı idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək və vəzifələrimdən biri bu yarışa hazırlaşmaqdır: “Bu çox nüfuzlu turnirdir, bizim üçün ev turniri olduğunu da nəzərə almaq lazımdır. Buna görə də hazırda bu turnirə hazırlıq prioritetdir. Bundan başqa, Olimpiadanı unutmamaq olmaz. Bu bizim üçün çox vacibdir və maksimum nəticələr göstərməyə çalışacağıq”.

Gimnastın sözlərinə görə, ümumilikdə ili uğurlu, lakin eyni zamanda çox ağır və gərgin hesab etmək olar: “İl təkcə mənim üçün deyil, həm də bütün gimnastika federasiyası üçün ağır oldu. Əgər federasiya, baş məşqçim olmasa idi, bu nəticələr də olmazdı. Bundan sonra işləməyə və Azərbaycanda gimnastikanın səviyyəsini yüksəltməyə çalışacağıq”.

İdman gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisi Pavel Netreba vurğulayıb ki, Stepkonun nəticələrindən razı qalıb: “Hesab edirəm ki, o layiqincə çıxış etdi. Dünya Çempionatı olduqca çətin yarışdır. Burada bütün ölkələrin ən güclü gimnastları iştirak edirlər. Qeyd etmək istəyirəm ki, Oleq ikinci yerdən cəmi 0,1 bal geridə qaldı, bu isə çox kiçik göstəricidir. Buna görə də o, ikinci və birinci yer uğrunda da mübarizə apara bilərdi. Lakin fikrimcə, bu, gələcəkdə olacaq”.

Ümumilikdə bu günədək Azərbaycan 2016-cı il Rio-de-Janeyro Olimpiadasına 22 lisenziya qazanıb.

O. Stepkodan başqa, yüngül atletlər Dmitri və Anna Skidan, boksçular Albert Səlimov (60 kq), Elvin Məmişzadə (52 kq) və Pərviz Bağırov (69 kq), avarçəkənlər İnna Osipenko-Radomskaya (iki növdə), Valentin Demyanenko, Aleksandr Aleksandrob-Boris Yotov dueti, Yure Meqliç, yunan-Roma güləşçiləri Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq), Maqomedhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq), Cəmaləddin Maqomedov (125 kq) və gimnast Marina Durunda olimpiya lisenziyaları əldə ediblər.

Həmin kateqoriyadan