Dövlətdən mənzil ala bilməyən, işdən çıxarılan Mikayıl Nərimanoğlu bu dəfə həbs oluna bilər

“Kəpəz” işi” hələ çox başlar ağrıdacaq. Allsport.az saytı xəbər verir ki, Mikayıl Nərimanoğlunun Gəncə klubunda və AFFA-da işini itirməsi ilə nəticələnən proseslə bağlı yeni xəbərlər ortaya çıxır. Dünən yoxlama qrupu Gəncədən ayrılıb. Elxan Məmmədovun keçmiş sözaparanı da yoxlamaya çağıran təftişçilər ciddi maliyyə pozuntuları aşkar ediblər. Elə təkzibolunmaz faktlar var ki, AFFA-nın baş katibi də işin bir ucunun ona toxunacağından ehtiyat edərək, Mikayılı qurban verməyə razı olub. Amma indi vəziyyət qarışıqdır. Ortada “qeyb olan” 100 min manatdan çox vəsait var və bunun üzə çıxması icraçı direktor Cabir İbrahimovun xidmətidir.
Məsələ ondadır ki, Nərimanoğlu “Kəpəz”də olduğu dönəmdə büdcəni rahatca talan etmək üçün Mehman Allahverdiyev, Nofəl Əzizov və başqa gəncəli kadrları klubdan uzaqlaşdırıb. Birindən icra başçısına şikayət edərək onun əliylə, digərlərini bir-birinə qarşı qoyaraq. Bütün situasiyalarda da özü vəziyyətdən təmiz çıxıb. Lakin onun İbrahimovu da yola salıb, yerinə Samir Quliyevi gətirmək cəhdi “bomba”nın partlaması ilə nəticələnib.
Futbolinfo.az-da olan bilgiyə görə, “Kəpəz”dən uzaqlaşdırılan gəncəlilərin məsləhəti ilə Cabir bəy maliyyə yeyintiləri ilə bağlı AFFA-nın baş katibinə məlumat verib. O, yoxlama göndərilməsini xahiş edib və buna nail olub.
AFFA-da mətbuat xidmətinin rəhbəri kimi 5, “Kəpəz”də müşahidə şurasının üzvü və əsas idarəçi kimi 7 min manat maaş alan Nərimanoğlu bununla kifayətlənmirmiş. O, əsas komandaya deyil, məhz uşaq futboluna, eləcə də infrastruktura xərclənmək üçün ayrılan maliyyənin bir qismini silirmiş. Bu faktlar sübut olunan kimi Mikayıl şuradan geri çağırılıb, ardınca AFFA-da departament rəhbərliyindən kənarlaşdırılıb.
Lakin Cabir İbrahimov da bu qarışıqlıqdan nəsibini alacaq. Xəbərçi qisas almaq üçün icraçı direktorun da bir çox sənədə imza atdığını ortaya qoyub. Deməli, “qeybə çəkimiş” bəzi pullara görə İbrahimov da cavab verməlidi. Və indi Cabir bəy ciddi sorğu-sual olunur. Elxan Məmmədovun “Nərimanoğlu “Kəpəz”in icraçı direktoru ilə birgə (!) bu tapşırıqların yerinə yetirilməsi üzərində çox çalışsa da, qoyulan hədəfə çatmaq mümkün olmayıb”, deməklə elə bunu nəzərdə tutur.
Bu xamır hələ çox su aparacaq. Elxan Məmmədovun etirafı da göstərdi ki, ortada elə maliyyə pozuntusu var ki, Nərimanoğlunu qorumaq mümkün deyil. Amma baş katib Mikayıl bəyi kiçik vəzifəyə – koordinator təyin etməklə guya tam vuulmasını istəmir. Halbuki məbləğdən asılı olmayaraq, maliyyə pozuntusunda əli olan adamı vəzifəyə təyin etmək yox, haqqında cinayıt işi açdırmaq lazımdır. Dələduzu, fırıldaqçını qorumaq özünün də bu işdə barmağının olmasını etiraf etmək deməkdir.
Məsələləyə “Kəpəz”in müşahidə şurasının biganə qalması da anormaldı. Bəs, 3 aydan bir yığımalı olan bu şura nəyə lazımdı, onlar nəyi müşahidə edirlər?
Daha bir qəribəlik Nərimamoğlunun geri çağırılıb, departament rəhbərliyindən uzaqlaşdırılması və yerinə Firuz Abdullanın təyinatıdır. Bildiyimizə görə, bu kimi vəzifələrdə dəyişikliyi icraiyyə komitəsi edə bilər. Halbuki artıq Firuz bəy vəzifəsinin icrasına başlayıb və etiraf edib ki, bu təklif baş katibin otağında müzakirə olunaraq edilib. Deyək ki, İK səlahiyyəti məlum qərarla katibliyə verib, o zaman niyə bütün bunlar rəsmi saytda əksini tapmır? Kimi, nəyi gözləyirlər?
Gəzən-söz söhbətə görə, bu məsələ ilə bağlı həbs olunnalar var. Böyük ehtimalla, Elxan Məmmədovun sabiq sözdaşıyanı da məsuliyyətə cəlb ediləcək. İlk fürsətdə, mətbuatla bağlı tədbirlərdə Gənclər və İdman Nazirliyini, onun rəsmi orqanı “İdman”ı aşağılayaraq dolayısı yolla Azad Rəhimova sataşan Mikayıl Nərimanoğlunun durumu indi qəlizdir. Ümümən, bu il ona düşərli olmayıb. Allsport.az saytına sızan məlumata görə, KİVDF-dən mənzil almaq üçün çox canfəşanlıq göstərən futbolun “sədri-əzəmi”nin keçmiş sözçüsü, bu qurumun icraçı direktoru Vüqar Səfərliyə yaltaqlanmaq üçün çox fənd işlədib. Amma istəyinin alınmadığını görüb AFFA yanında media komitəsinin idarə heyətinə həmyerlisi – extratime.echo.az saytından Rüstəm Piriyevi aprel ayında yeganə təyinatlı olan həmin kresloya əyləşdirmişdi.

Həmin kateqoriyadan