Dünya birinciliyinə yollanacaq gənc güləşçilərimiz

12-18 avqustda Estoniya paytaxtı Tallində gənclərin dünya birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Olimpiya Güləş Mərkəzində yarışa yollanacaq heyət açıqlanıb. Toplantıda AGF-in baş katibi Orxan Məmmədov, vitse-prezidentlər Elçin Cəfərov, Firdovsi Umudov və Namiq Abdullayev, eləcə də gənclər və idman nazirliyinin aparıcı məsləhətçisi Yaşar Rzayev iştirak ediblır.

Adı 2-ci çəkilən şəxs çıxış edərək güləşçilərə uğurlar arzulayıb, onların rəqiblərdən geri qalmadığını, sona kimi mübarizə aparmalı olduqlarını, uğur qazanacaqları halda hətta Tokio olimpiadasında iştirak etmək şanslarının olduğunu söyləyib.

Firdovsi Umudov dünya çempionatına iştirak xatirinə yox, yadda qalan nəticə üçün yollanmağın vacibliyini dilə gətirərək, gənc güləşçilərə bundan öncəki yarışlarda qazanılan uğurların davamını gətirməyi arzulayıb.

Namiq Abdullayev federasiya tərəfindən güləşçilərə hər cür şəraitin yaradıldığını və bu yarışın özlərini göstərmək üçün əla fürsət olduğunu söyləyib. Sonra Elçin Cəfərov dünya çempionatında iştirak edəcək heyəti açıqlayıb.

İlk günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Əli Əliyev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə xalça üzərinə Mahir Məmmədzadə (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Əşrəf Aşırov (70 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq), Məhəmməd Asiyatilov (86 kq), Asxab Həmzətov (92 kq), Temraz İsmayılov (97 kq) və İslam Abuyev (125 kq) çıxacaqlar.

Qızlarda Rövşən Umudovun rəhbərliyi ilə Şəhanə Nəzərova (50 kq), Jalə Əliyeva (62 kq) və Ceyla Nağızadə (65 kq) mübarizə aparacaqlar.

Yarışın son günlərində böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi ilə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar. Heyətdə Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Zaur Nuriyev (63 kq), Adəm Hacızadə (67 kq), Ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Laçın Vəliyev (87 kq), Xəyal Mehdiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıblar.

Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Abdul Nuriyev ədaləti qoruyacaq.

Həmin kateqoriyadan