Dünya çempinatından sonra

Cüdoçularımızın sentyabrda Çelyabinskdə keçirilən dünya çempionatındakı uğursuz çıxışları olimpiya yarışlarında böyük ümidlər bəslədiyimiz bu idman növündə vəziyyətin narahatlıq doğurduğunu söyləməyə əsas verir. Olimpiadaya seçim üçün süzgəci olan reytinq cədvəlindəki mövqelərinə birbaşa təsir göstərən sonuncu mundial bəzi idmançılarımızın Rioya getmək şansını azaltdı. Bu isə, London Olimpiadasından fərqli olaraq, Braziliyaya tam heyətdə getmək imkanlarımızı məhdudlaşdıra bilər.

 

Olimpiya iştirakçıları reytinqdə ilk 22 yeri tutan idmançılar ola bilərlər. Bu baxımdan, 73 kq çəki dərəcəsində vəziyətimizi qənaətbəxş hesab etmək olar. Çelyabinskdə 7-ci yeri tutan Rüstəm Orucov reytinqdə də elə həmin pillədə qərarlaşıb. Rüstəm dünya çempionatında mükafatsız qalsa da, məşqçilərin ondan narazılığı olmamalıdır. Cüdoçumuz startda isveçli Tommi Matiasoma qalib gəldi. Sonra belarus Vladimir Şok, dəfələrlə dünya çempionatlarının mükafatçısı niderlandlı Deks Elmont maneələri də dəf olundu. 1/8 finalda cüdoçumuz olimpiya çempionu Laşa Şavdatuşvilini əlavə vaxtda iponla məğlub etdi. Dörddəbir final görüşündə R.Orucov yaponiyalı dünya çempionu Riki Nakayaya da məğlubiyyət acısı yaşatdı. Belə güclü rəqiblər üzərində qazanılan qələbələr bu cüdoçunun inkişafının yüksələn xətt üzrə davam etdiyini göstərir. Ümid etmək olar ki, Rio Rüstəmin idman karyerasında iştirak etdiyi 2-ci olimpiada olacaq.

 

2005-ci ildə Qahirədə keçirilmiş dünya çempionatının bürünc medalçısı Nicat Şıxəliyev (66 kq) isə dünyanın ən möhtəşəm karnavallar şəhərində ilk dəfə olimpiya tatamisi üzərinə çıxa bilər. Reytinq cədvəlindəki 10-cü pillə və qarşıdakı yarışlarda uğurlu çıxışlarla bunu gerçəkləşdirmək mümkündür.

 

60 kq çəkidəki vəziyyət də ölkəmizin bu çəkidə olmipiadada təmsil olunacağı ümidini möhkəmlədir. Ötən il dünya 3-cüsü olduğu Rio de Janeyronu olmipiya məkanı kimi görmək şansında olan Orxan Səfərov (60 kq) reytinqdə 6-cıdır. Olimpiadaya hər ölkədən bir cüdoçunun yollanacağını nəzərə alsaq, O.Səfərova burada başqa bir dünya üçüncümüz İlqar Müşkiyev rəqib ola bilər. İlqar hələlik 12-ci pillədədir. Elə bu rəqabətin özü 60 kq-da olimpiadada təmsil olunma ehtimalımızı artırır.

 

Ağır çəkidə də vəziyyət qənaətbəxşdir. Bu il Çelyabnskdə çempionluq titulunu qoruyub saxlaya bilməyən Elxan Məmmədov bir ay əvvəl Tümendə “Böyük dəbilqə”yə sahib olan Avropa çempionatının bürünc mükafatçısı Elmar Qasımovla reytinqdə pillə qonşusudur. Dünya mükafatçısı dünya çempionatından sonra reytinqdəki ikinciliyini fransalı Siril Mareyə verərək, bir pillə aşağı enib. E.Qasımov isə dördüncüdür.

 

Başqa çəkilərdə, məsələn, 81 kq-da vəziyyət narahatlıq üçün əsas yaradır. Gənclər arsında dünya çempionatının bürünc mükafatçısı Məmmədəli Mehdiyev reytinqdə 47-cidir, Tural Səfiquliyev isə – 51-ci. Görünür, Olimpiya çempionu Elnur Məmmədlini bu çəkidə əvəz edəcək cüdoçumuz yoxdur. Amma buna xaricdən legioner gətirmək üçün əsas kimi baxılmamalıdırr. Öz cüdomuzun kifayət qədər ehtiyat bazası var, böyük olmasa da, reytinq xalına malik olanlarımız da, yəqin ki, qarşıdakı yarışlarda vəziyyətlərini yaxşılaşdıracaqlar.

 

Ötən il Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirinin kəşfi, Bakı “dəbilqə”sinə sahib olmuş Şahin Qəhrəmanov (90 kq) 21-ci yerdədir. Keçən illə müqayisədə, idmançımız bir qədər geriləyib, hələlik lisenziya almağa namizəd olan cüdoçular cərgəsindədir. Orada möhkəmlənməyi qarşıdakı yarışlarda əldə edəcəyi nailiyyətlərdən asılıdır.

 

Qadın cüdoçularımızın vəziyyəti daha pisdir. Son vaxtlar yarışlarda ancaq Kifayət Qasımovanı görə bilirik. O da reytinqdə, hələ ki, 23-cü pillədədir. Olimpiya lisenziyası isə ilk 14 qadın cüdoçuya veriləcək.

 

Dünya çempiontandakı uğursuzluqda baş məşqçi Hacıağa Hacıəhmədovu qınamaq da düzgün olmazdı. O, komandanın baş sükanı arxasına 3-4 ay əvvəl keçib. Amma onu da kənara qoymayaq ki, H.Hacıəhmədov uzun illər milli komandanın hazırlığında çalışıb, cüdomuza yaxşı bələddir. Ümid edək ki, Çelyabenskdəki uğursuzluq, sadəcə olaraq, bəd təsadüflərin nəticəsi idi. Əlbəttə, səhvlər də olub. Bunu Cüdo federasiyamızın vitse-prezidenti Elnur Məmmədli də təsdiq edir. O, həmçinin, komandada çempionat ərəfəsində problemlərin yaşandığını, zədəli idmançıların olduğuna görə çempionata güclü heyət göndərə bilmədikdərini də qeyd edir.

Həmin kateqoriyadan