Dünya çempionatında məşqçilər Nenad Laloviçə qarşı üsyan etdi

Macarıstan paytaxtı Budapeştdə keçirilən dünya çempionatının gedişində UWW prezidenti Nenad Laloviçin KİV üçün mətbuat konfransı oldu. Allsport.az saytı xəbər verir ki, tədbirin sonunda söz alan Polşanın sərbəst güləş millisinin dağıstanlı baş məşqçisi Yusif Abdusalamov alovlu çıxış etdi. Bildirdi ki, yeni qaydalar məşqçiləri həddən artıq yükləyir və yorur. Səhər saat 6-da qalxıb komanda ilə çəkiyə yollanmaq, ordan da yarış məkanına və günortaya qədər qidalanmadan, fasilə vermədən çalışmaq üzücüdür. Məçqçilər qul deyillər, onlar da normal şəraitdə çalışmalıdılar. 

Finalların növbəti gündə keçirilməsi tamaşaçı marağını da azaldır. Onlar yeni çəkidə çıxış edən idmançıları canlı izləmək üçün, bir neçə dəfə bilet almalıdırlar. Ötən il Parisdə köhnə qaydalarla dünya çempionatının yüksək səviyyədə keçdiyini xatırladan şikayətçi, bütün mütəxəssislərin yeniliyin əleyhinə olduğunu dedi. O, ən azı, ildə bir dəfə Nenad Laloviçin məşqçilərlə görüş təşkil edilməsini istədi və qərar qəbul edilərkən “aşağılar”ın da rəyininin öyrənilməsini dedi. UWW prezidenti etirazı normal qarşıladı və bu barədə toplantı keçirəcəklərini söylədi.

Kamran HACI, Budapeşt

Həmin kateqoriyadan