Dünya çempionatının biletləri satışa çıxarılıb

Sentyabrın 16-22-də paytaxtda bədii gimnastika üzrə 37-ci dünya çempionatının biletləri aprelin 26-dan satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, zəngin bir qrafiki yarı edən AGF daha bir mötəbər yarışın hazırlıqlarını tam sürətlə davam etdirir. Belə ki, 14 ildən sonra paytaxtımızın yenidən ev sahibliyi edəcəyi ilin ən vacib yarışı məhz bədii gimnastika üzrə dünya çempionatı olacaq.

7 gün davam edəcək bu çempionat Tokio-2020-yə lisenziya xarakteri daşıyır. Yalnız medalçıların deyil, olimpiadaya yeni namizədlərin adlarının da müəyyənləşəcəyi yarışda dünyanın ən nüfuzlu gimnastları öz performanslarını nümayiş etdirəcəklər. Çempionatın təntənəli açılış mərasimi isə sentyabrın 16-da təşkil olunacaq.

Yarışa biletlərin hər kəsə əlçatan olması üçün satış nöqtəsi olaraq, 28 Mall və Gənclik Mall alış-veriş mərkəzləri seçilib. Bundan başqa, gimnastika izləyiciləri biletləri onlayn (https://ticketing.mga.az/) və arenanın kassasından da əldə edə bilər. Biletlərin qiyməti isə 10, 15 və 20 AZN təşkil edir.

Xatırladaq ki, aprelin 26-da 39 ölkənin iştirakı ilə artıq ənənəvi olan bədii gimnastika üzrə dünya kuboku start götürür. Bu yarışdan sonra isə zərif gimnastlarımız öz güclərini Avropa çempionatında (mayın 16-19-da) sınayacaqlar.

Həmin kateqoriyadan