“Dünya kubokunda gələbəmiz, polonun vətəninin Azərbaycan olduğunu bir daha sübut etdi”

Atçılıq federasiyasının və “World Polo” MMC-nin təşkilatçılığı ilə Bakıda çovgən (polo) üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün tədbirlə bağlı “Abşeron” mehmanxanasının önündə brifinq oldu. Yığıncaqda Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi polonun vətəni sayılan Azərbaycanın növbəti dəfə mötəbər yarışa ev sahibliyi etməsindən məmnunluğunu bildirdi.

ARAF-ın baş katibi Bəhruz Nəbiyev bu yarışın Azərbaycanın ev sahibliyi etdiyi 5-ci polo turniri olduğunu dedi. Onun sözünə görə, Azərbaycan dünyada polonun vətəni kimi tanınır. Son illər Azərbaycanın paytaxtında uğurla bir neçə yarış təşkil olunub. Qalib gəldiyimiz dünya kuboku bir daha təsdiq edib ki, bu oyun qanımızdadır, bunu gözəl bacarırıq. Ötən il Azərbaycan arena polo üzrə 1-ci Avropa çempionatına da ev sahibliyi etdi.

Baş katib əlvə etdi ki, sentyabrın 8-də start götürəcək bu mötəbər yarışda Azərbaycanı “Elite Horse And Polo Club” komandası təmsil edəcək. Dünya kubokunda, həmçinin ABŞ-ın “Grand Champions Polo Club”, İsveçrənin “Evviva Polo Club” və Monakonun “Monte Carlo Polo Team” kimi beynəlxalq polo klublarını təmsil edən güclü komandalar mübarizə aparacaqlar. Turnirə sentyabrın 10-da yekun vurulacaq.

 

Həmin kateqoriyadan