Dünya kubokunda rəqibləri məlum olub

2-27 sentyabrda Tiflisdə şahmat üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışın qalibi və finalçı 2018-ci ildə tac uğrunda iddiaçıların turnirinə vəsiqə qazanacaq. FIDE builki dünya kubokunda 128 iştirakçının adını açıqlayıb. Bizdən bu rəqabətdə Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov olacaq.

Mükafat fondu 600 min dollardır. Bunun 120 mini qalib üçün nəzərdə tutulub. Şəhriyar Məmmədyarov ilk matçda Quançu Liu (Çin), Teymur Rəcəbov Xelgi Dam Ziska (Farer adaları) ilə qarşılaşacaq. Hər 2 şahmatçımız ağ fiqurlarla oynayacaq.

Dünya kuboku nokaut-sistem üzrə keçiriləcək: 2 klassik partiyada hesab bərabər olsa, rəqibləri tay-breq: rapid, blits, lazım gəldikdə “armageddon” gözləyir. Finalda 4 klassik matç oynanılacaq. Yarışda ilk dəfə dünya şahmat tacının sahibi Maqnus Karlsen iştirak edəcək.

Şəhriyar turnirə vəsiqəni yüksək reytinqi sayəsində qazanıb, Teymur təşkilat komitəsinin namizədlərindən biri olub.

Həmin kateqoriyadan