Dünya şahmatçıları “Naxçıvan-2016”-ya toplaşacaqlar

9-18 mayda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə ənənəvi “Naxçıvan-2016” beynəlxalq şahmat festivalı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, reqlamentə əsasən, beynəlxalq festivalda güclülər (“A” turniri), əmsalı 2200-dən az olanlar (“B” turniri) və uşaqlar (“C” turniri) olmaqla, zəka sahibləri güclərini üç turnirdə sınayacaqlar.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda hər iştirakçıya 40 gediş üçün 90 dəqiqə, oyun başa çatana qədər hər şahmatçıya 30 dəqiqə və hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılacaq. Artıq “Naxçıvan Open-2016” festivalında iştirak etmək üçün 9 ölkədən 50-yə yaxın qrossmeyster, beynəlxalq usta müraciət edib və onların sayının artması istisna deyil.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə birgə 15-ə yaxın turnir təşkil edəcəklər.

İlk belə yarış “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə çempionatdır. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində isə boks üzrə muxtar respublika turniri keçiriləcək. İki gün davam edəcək turnirdə 150-dən çox idmançının iştirak edəcəyi gözlənilir. Həmçinin azarkeşlər kompleksdə güləş, karate-do, voleybol və basketbol idman növləri üzrə də keçiriləcək Naxçıvan Muxtar Respublika çempionatlarına tamaşa edəcəklər. Mayın 10-da isə Şərur Rayon Olimpiya-İdman Kompleksində kikboksinqçilərin muxtar respublika birinciliyi olacaq. Bununla yanaşı, Gənclər və İdman Nazirliyi ilə atletika, atıcılıq və Hava və Ekstremal İdman Növləri federasiyaları birgə kross qaçışı, peyntbol və Əlincəqalaya yürüş üzrə muxtar respublika birincilikləri keçirəcəklər.

Mayın 21-28-də isə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində usta ağırlıqqaldıranlar arasında qitə birinciliyi təşkil olunacaq. Həmçinin bu kompleks mayın 12-13-də paralimpiyaçılar arasında beynəlxalq turnirə də ev sahibliyi edəcək.

Həmin kateqoriyadan