Dünya şahmatçıları yenidən Şəmkirə toplaşır

Azərbaycanın tanınmış qrossmeysteri Vüqar Həşimovun xatirəsinə şahmat üzrə ənənəvi “Shamkir Chess 2019” beynəlxalq superturnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, dövlət neft şirkəti, gənclər və idman nazirliyi, şahmat federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən 22-ci dərəcəli memorialda bu dəfə də FIDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq.

Təşkilat komitəsi artıq iştirakçıların siyahısını dəqiqləşdirib. Mübarizəyə norveçli dünya çempionu, bu yarışın 3-qat qalibi Maqnus Karlsen (2845), Çin şahmatçısı Dinq Liren (2812), niderlandlı Aniş Giri (2797), sabiq hindistanlı dünya çempionu Vişvanatan Anand (2779), Rusiya şahmatçısı Aleksandr Qrişuk (2771), dünya kubokunun qalibi Sergey Karyakin (Rusiya, 2753), FIDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2740), çex David Navara (2739) qatılacaqlar.

Bizdən bu sınaqda Şəhriyar Məmmədyarov (2790) və Teymur Rəcəbov (2756) iştirak edəcəklər. Yarışın açılışı martın 30-da Şəmkirin Heydər Əliyev mərkəzində olacaq. 9 turdan ibarət rəqabətə aprelin 9-da yekun vurulacaq.

Həmin kateqoriyadan