Dünya və Avropa çempionumuz 37 yaşını qeyd edib

Bu gün Azərbaycanın tanınmış idmançısı, ağırlıqqaldırmanın pauerliftinq növü üzrə dəfələrlə Avropa və dünya çempionu, dünya rekordçusu Vüqar Namazovun doğum günüdür. Allsport.az saytı xəbər verir ki, onun 37 yaşı tamam olur.

Vüqar Binnət oğlu Namazov 1979-cü il avqustun 13-də Şəmkir rayonunda anadan olub. Orta təhsilini rayonun Kür qəsəbəsindəki 2 saylı orta məktəbdə alıb. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Fiziki imkanları ona ötən əsrin 90-cı illərinin sonlarından etibarən ağırlıqqaldırmanın pauerliftinq növündə uğurla çıxış etməyə imkan verib. İldən ilə yarışlarda uğurlara imza atan Vüqar 4 dəfə dünya, 7 dəfə Avropa çempionu titulunu qazanıb. Həmçinin pauerliftiq üzrə dünya rekorduna imza atıb.

Vüqar Namazovun idmanda qazandığı uğurları ulu öndər Heydər Əliyev yüksək qiymətləndirib. Azərbaycan Dövlət İqtisad Universitetində tələbələ-müəllim kollektivi ilə görüş zamanı Vüqarın nailiyyətləri barədə məlumat alan ulu öndər idmançımıza xeyir-dua verib. Prezident İlham Əliyev də Vüqarın idmançı kimi nailyyətlərini yüksək qiymətləndirərək 2009-cu ildə onu  «Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu» ilə təltif edib.

Peşəkar idmançı olmaqla yanaşı Vüqar Namazov 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr, 2001-2003-cü illərdə magistr pilləsi üzrə bitirib. 2003-2006-cü illərdə isə həmin universitetin aspiranturasında təhsil alıb.

İdmançımızı təbrik edir, gələcək idman həyatında yeni qələbələr arzulayırıq.

Həmin kateqoriyadan