“Düşünürəm ki, bu il daha sürətli bolidlərlə bizə Bakıda yarışmaq əvvəlkindən çətin olacaq”

“Haas” komandasının sürücüsü Roman Qrojan Bakı Şəhər Halqası əməliyyat şirkətinin (BŞH) rəsmi vebsaytına özəl müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə o, yeni formula-1 mövsümü üçün gördüyü hazırlıqlar, paytaxtımızla bağlı ilkin təəssüratlar və digər mövzulardan danışıb, bu il Bakıda yarışın ötən isəfərkindən daha çətin olacağını deyib.

– Yeni avtomobillərin dizaynını necə qiymətləndirirsiniz? 
– Onlar həqiqətən də çox əla görünürlər, aqressiv görkəmə malikdir Ən əsası isə budur ki, onlar bizdə əvvəllər olan bolidlərdən çox sürətlidir. Mən enli şinlərə, geniş arxa qanadlara malik bu bolidi görən kimi dərhal öz-özümə düşündüm ki, o mütləq sürətli bolid olmalıdır. Buna görə də, bizi qarşıda maraqlı bir mövsüm gözləyir. Baxarıq, görərik kimlər mövsümlərarası dövrlərdə yaxşı çalışıb. Ümidvaram ki, biz də irəliyə doğru bir addım atmışıq. Hələlik isə ötmənin asan olub-olmayacağı aydın deyil və bu məsələ ilə əlaqədar hər hansı bir məlumat yoxdur.

– Ümumiyyətlə, yeni mövsümə hazırlıq necə keçdi?
– Məşqlər çox ciddi bir rejimdə keçdi – trenajor zalında çoxlu tapşırıqlar yerinə yetirildi, qaçış hərəkətləri, velosiped yürüşləri və s. icra olundu. Bu, mənim üçün ən mürəkkəb qış mövsümlərindən biri idi.

– Mövsüm öncəsi hansı gözləntiləriniz var və hansı məqsədlərə nail olmağı qarşıya məqsəd qoymusunuz?
– Hələlik bu barədə danışmaq çətindir. Çünki hələ ki mövsümə start verilməyib. Əsas məsələ, təkmilləşdirmələri davam etdirməkdir.

– Bəs ikinci mövsüm birinci ilə müqayisədə daha çətin olmayacaqmı?
– Bəli, belə bir fikir var. Lakin fikrimcə bizim üçün daha asan olacaq. Çünki bizim topladığımız müəyyən biliklər var və biz maşınla necə işləyəcəyimizi bilirik. Buna görə də, düşünürəm ki, biz ötən ilə nisbətən daha yaxşı çıxış edəcəyik.

– Karyeranızın lap başlanğıcında siz tez-tez qəza keçirirdiniz. Bu, az qala “Formula 1”-dəki çıxışlarınızın dayandırılması ilə nəticələnəcəkdi. Artıq bu çətinliklər arxada qalıb. Onların öhdəsindən necə gələ bildiniz?
– Bəli, mən lazım olduğundan artıq aqressiv idim. Bunu yeniyetməliyimə verin. Ancaq sonralar təcrübə topladım, daha sakit və inamlı davranmağa başladım, daha stabil çıxışlar sərgilədim, bir neçə dəfə podiuma çıxdım, maşından maksimum nəticəni götürməyə çalışdım. Hər il “Formula 1” yarışlarında yeni nəsə öyrənirsiniz.

– Komandada çoxlu sayda tərəf müqabiliniz vardı. Necə düşünürsünüz, formula-1 komandasında sağlam münasibətlərin qurulması üçün ən mühüm olan nədir?
– Daimi rəqabət mühitində sağlam münasibətlərin qurulması həmişə çox mürəkkəbdir. Lakin fikrimcə bunun üçün ən vacib amil hörmətdir. Onsuz heç nə alına bilməz.

– Bildiyiniz kimi, dünən Kurt Buş (“Haas” komandasında çıxış edir) gərgin mübarizənin olduğu Naskar yarışlarında qalib gəldi. Necə düşünürsünüz, “Haas” komandasının formula-1-də ilk qələbəsini nə qədər gözləməli olacağıq?
– Səmimi desəm, bu suala cavab vermək çox çətindir. “Haas” artıq 10 ildir ki, Naskarda çıxış edir. Ümidvaram ki, burada bizə daha az vaxt tələb olunacaq. Kağız üzərindəki planları əsas götürüb bizdən bu il qələbələr gözləməyə dəyməz. Ancaq, kim bilir, 3-4 il sonra bəlkə də biz artıq qələbələr uğrunda mübarizə aparmağa başlayacağıq.

– Bakı haqqında danışaq. Bakıda ən çox nə xoşunuza gəldi?
– Ölkəni, şəhəri, xüsusilə də şəhərin qədim hissəsini görmək məni yaxşı mənada heyrətləndirdi. Yolları xüsusilə qeyd etməyə dəyər. Trek, sözün əsl mənasında, mürəkkəb, iti və keçid üçün heç də asan olmayan bir vəziyyətdə idi. Düşünürəm ki, bu il daha sürətli bolidlərlə bizə burada yarışmaq daha çətin olacaq. Əla yerdir!

– Baş aşpaz dostunuza onun işlədiyi yerli restoranda baş çəkməyə macal tapdınızmı?
– Bəli, hər axşam orada şam yeməyi yeyirdik!

Həmin kateqoriyadan