Elçin Cəfərov – ölkənin ən titullu azərbaycanlı mütəxəssisi 60 yaşını qeyd edib

Fevralın 7-də güləş federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovun 60 yaşı tamam olur. Allsport.az saytı xəbər verir ki, bu münasibətlə AGF-də yubilyarla görüş olub. Baş katib Orxan Məmmədov, vitse-prezidentlər Firdovsi Umudov və Namiq Abdullayev, idman şöbəsinin müdiri Yaqub Məmmədov, qurumun digər rəsmiləri, eləcə də milli olimpiya komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayevin qatıldığı tədbirdə dünya şöhrətli mütəxəssisi təbrik edən federasiya rəhbəri Namiq Əliyev çıxışında bunu deyib:

“Elçin müəllim təkcə Azərbaycan güləş aləmində deyil, bütün aparıcı güləş ölkələrində tanınır. Onun keçdiyi yolu, idmanda çəkdiyi əziyyətləri heç kim unutmayıb. Elçin müəllim haqqında çox danışmaq olar. İlk tanışlığımızdan 30 ilə yaxın vaxt keçir. Yunan-Roma güləşinin inkişafında onun böyük xidmətləri var. Artıq federasiyada bir ağsaqqal kimi onun tövsiyələrinə diqqət yetirilir. Elçin müəllimə böyük ehtiyacımız var”.

Ardınca MOK rəsmisi Həsənağa Rzayev çıxış edib və Elçin Cəfərovun məşqçilik karyerasına nəzər salıb, qazandığı uğurları xatırladıb. Təbriklərə və diqqətə görə minnətdarlığını bildirən yubilyar isə öz növbəsində güləşimizə və güləşçilərimizə uğurlar arzulayıb və bu yolda əlindən gələni əsirgəməyəcəyini söyləyib. 

Qeyd edək ki, mütəxəssis 2002-10-cu illərdə yunan-Roma güləşi üzrə yığmamıza baş məşqçilik edib. Məhz onun rəhbərliyi ilə güləşin bu növündə ilk olimpiya qızılımız (Afina-2004, Fərid Mansurov) qazanılıb. Pekin-2008-də isə Rövşən Bayramovla Vitali Rəhimov gümüş medalı boynundan asıb. O, 2010-cu ildən AGF-də vitse-prezident vəzifəsində çalışır. 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunan Elşin Cəfərov, 4 il sonra “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adını alıb.

Həmin kateqoriyadan