Elmar Vəliyev futbola daha yaxınlaşır

Bir neçə gün öncə Gəncədə SSRİ dönəmində Kirovabad “Dinamo”sunun güclülər dəstəsinə yüksəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, mərasimdə gözlənilməz qonaq peyda olub. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin futbol tədbirində görünub. O, “Kəpəz”in ev oyunlarında fəxri tribunada tez-tez əyləşsə də, onun bu görüşə qatılması planlaşdırılmayıb. Amma başçı gəlib və veteranlarla görüşüb, hətta “Kəpəz”in bazasının təmiri ilə bağlı ciddi işlər görüləcəyi vədini verib.
Futbolinfo.az-ın məlumatına görə, onun “Dinamo”nun heyətində oynamış və hazırda həyatda olan veteranlara mənzil bağışlaması daha gözlənilməz olub. Bəlkə də bu, bir jest idi. Futbol üçün pul xərcləməyə başlayan Elmar bəy sanki dönüşünün siqnalını verdi. Vəliyevlər ölkə futboluna yad adamlar deyil. Onların təkcə Yevlaxda gördüyü işlər, “Karvan”la saldığı səs-səda hələ də yaddaşlardadı. Gəncədə klubdan küskün kimi davranan başçı yəqin ki, son olaylardan sonra özünü göstərmək qərarına gəlib.
Elmar bəy sözünün hökmünü Mikayıl Nərimanoğlunu bir zənglə Gəncədən qovdurarkən göstərmişdi. Sonra məhz “Karvan”dan tanıdığı Yunis Hüseynovun baş məşqçi postuna gətirilməsi də təsadüf deyil. Elmar bəy komandaya maliyyə ayırmaq, klubun müşahidə şurasının sədri olan oğlu Elmir bəyə perspektivi üçün şərait yaratmaq niyyətindədir.
AFFA-dan maliyyələşən klublarda tez-tez problemlərin ortaya çıxması – “Kəpəz”də, ardınca “Keşlə”də başverənlər – Müşahidə Şurası layihəsinin iflasa doğru getdiyini göstərir. Bu səbəbdəndi ki, Bakıda Zaur Axundov baş qaldırıb, Gəncədə də Elmar Vəliyev müstəqil klub saxlamaq yolunda ilkin addımları atırlar. Xüsusilə Gəncənin icra başçısı AFFA-nın ayırdığı maliyyəni itirməmək şərti ilə, əlavə yatırımlar edib, futbolda səhnəyə qayıtmaq istəyinin mesajlarını verir.
AFFA-nın ölkə futbolunu bir qrup insanın monopoliyasına almasından sonra küskün düşən iş adamları bu minvalla yenidən geri qayıda bilər. SOCAR onsuz da maliyyə ayırır, lakin onu Nərimanoğlu kimi kadrlar dağıdır, düzgün istiqamətə sərf olunmasını təmin etmir, daha çox əsas komandaya yönəldir. Əslində isə Vəliyev kimi futbol fanatlarının könlünü almaq, barışmaq və onların futbol sevgisindən faydalanmaq lazımdır.
Elmar bəy indiyədək “Kəpəz”ə dayaq durmayıbsa, bunun səbəbkarı AFFA, hər şeyi öz əlində cəmləşdirmək istəyən Nərimanoğlu olub. İndi isə Hüseynovla birgə Gəncə futbolunu layiq olduğu zirvəyə qaytarmaq vaxtıdı. 1:6, 0:3 kimi məğlubiyyətlər Vəliyev kimi iddialı birinə toxunmamış ola bilməz.

Həmin kateqoriyadan