Elnur Həmidov: “Neftçi”nin azarkeşləri onun tarixinə və adına yaraşmayan hərəkətlərə yol verib

Dünən keçirilmiş “Sabah” – “Neftçi” oyunu zamanı bir neçə xoşagəlməz hal yaşanıb. Allsport.az saytı xəbər verir ki, ev sahibinə görə, rəqib komandanın azarkeşləri oyunboyu təhqiramiz ifadələrə yol verməklə yanaşı, qarşılaşmanın keçirildiyi “Əlincə arena”ya maddi ziyan vurublar. “Sabah”ın mətbuat katibi Elnur Həmidovun baş vermiş xoşagəlməzliklə bağlı açıqlama verib:

“İlk növbədə onu vurğulayım ki, hər bir rəqibimizə olduğu kimi, “Neftçi” futbol klubuna da hörmətlə yanaşırıq. “Neftçi”nin futbol tariximizdə xüsusi yeri var. Bu klubda nəsildən-nəsilə keçən azarkeşlik ənənəsi mövcuddur.

Ancaq çox təəssüf ki, bu gün “Sabah”la oyundakı azarkeşlik “Neftçi”nin tarixinə, adına yaraşmayan şəkildə olub. Bu klubu dəstəkləmək adıyla stadiona gələn şəxslər oyunboyu xoşagəlməz davranışlarıyla diqqət çəkiblər. Onlar “Sabah” klubunun, futbolçuların, baş məşqçinin, hakimlərin ünvanına təhqirlər yağdırıblar. Masazıra futbol gətirən “Sabah” klubu yerli sakinlərin stadiona gəlməsi, futbol ailəmizə qoşulması üçün əlindən gələni edir. “Əlincə arena”ya ələnlər arasında gənc ailələr, uşaqlar, xanımlar çoxluq təşkil edirlər. Lakin bəzi tərəfdarların xoşagəlməz davranışı, vandallıqları stadiona yeni-yeni ayaq açan azarkeşləri burdan uzaqlaşdırır.

Bu gün 150-yə yaxın oturacaq sındıran şəxslər azarkeş adına uyğun gəlməyən hərəkətlərlə yadda qalıblar. Onların bu davranışı oyunun gedişində rəqibin futbolçusu Baqali Daboya da sirayət etməyə başlayıb. O, meydandan qovulan ana qədər UEFA-nın devizi olan “respect” anlayışı haqqında düşünməyi ağlına belə gətirməyib. Çox təəccüb və təəssüflə vurğulayıram ki, “Neftçi” rəsmiləri Dabonun qeyri-idman hərəkətlərini qınamaq əvəzinə, haqq qazandırıb. Bunun məntiqi nəticəsidir ki, fanatlar tribunada özlərini apara bilmirlər, azarkeş adına xələl gətirirlər.

“Neftçi” tarixdir, bu klub hazırda çempionatda liderdir. Lakin onları böyük edən nəticələri yox, futbolçusuyla, azarkeşiylə böyüklük nümayiş etdirməsi olmalıdır. Belə hallar təkrarlansa, bu cür xoşagəlməz hallara yol verən azarkeşlərə qarşı müvafiq addımlar atılacaq, onların “Əlincə Arena”ya daxil olmasına qadağa qoyulacaq.

Hakimliyə gəlincə, bizim də narazı qaldığımız məqamlar var. Lakin biz bunu media vasitəsiylə yox, reqlamentə uyğun şəkildə etməyi doğru hesab edirik”.

Həmin kateqoriyadan