Elşad Əhmədov sabah “Sabah”ın debütü barədə

“Sabah” klubu Topaz premyer liqasının yeni mövsümünün ilk görüşündə “Keşlə”nin qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Elşad Əhmədov tarixi oyun barədə açıqlama verib:

“Sabah çempionatda ilk oyunumuza çıxacağıq. “Keşlə” ilə qarşılaşacağıq. Rəqibə hörmətlə yanaşırıq. Artıq uzun müddətdi premyer liqada çıxış edirlər. Yaxşı, oturuşmuş komandaya sahibdilər. Klub təzəlikcə yeni baş məşqçi ilə anlaşıb. Futbolçular yeni çalışdırıcıya özlərini sübut etmək üçün meydanda var qüvvələri ilə mübarizə aparacaqlar.

Bizə gəldikdə isə, çempionata yaxşı hazırlaşmışıq. Sabah qənaətbəxş nəticə əldə etmək istəyirik. Komanda daxilində əhval-ruhiyyə yaxşıdı. Sabah var qüvvəmizlə oynayıb, meydandan yaxşı nəticə ilə ayrılmaq istəyirik”.

Xatırladaq ki, “Keşlə” – “Sabah” oyunu saat 21:00-da başlayacaq. Görüş “ASK arena”da keçiriləcək.

Həmin kateqoriyadan