Elxan Abdullayev: Dərhal sərt qərarlar qəbul etməyi xoşlamıram

“Neftçi”nin yeni baş məşqçisi Elxan Abdullayev çətin sınaq qarşısındadır. Allsport.az saytı xəbər verir ki, mütəxəssis, hazırda ölkə çempionatında axırdan 2-ci yerdə olan komandasını adına yaraşmayan mövqedən uzuqlaşdırmalı, onu əski şöhrətinə qaytarmalıdır. Azerisport.az-a müsahibəsində o, bunu gerçəkləşdirmək üçün zamana ehtiyac olduğunu deyib

– “Neftçi”dən baş məşqçi təklifi almağınızı necə qarşıladınız?
– Mənim üçün bu, tam gözlənilməz oldu. Buna hazır deyildim. Belə bir təyinata heç işarə də yox idi. Hər şey çox ani alındı. Belə bir komandaya rəhbərlik etmək böyük fəxrdir. “Neftçi”də həm oynamışam, həm məşqçi kimi çalışmışam. Atam da bu klubda çalışıb. Bu strukturda kənar şəxs deyiləm. Bu, bizim ən böyük klubumuzdur. Mənim üçün böyük məsuliyyətdir. Özümə inanıram və komandanı fərqli səviyyəyə çıxarmağa çalışacağam.

– Azərbaycan yığmasındakı işiniz necə olacaq?
– Bütün bunlar razılaşdırılıb. AFFA ilə müqaviləm var. Ona görə də hər iki vəzifəni yerinə yetirəcəyəm.

– Müqavilənin müddəti nə vaxta qədərdir?
– Hələ müqavilə bağlamamışıq, amma mövsümün sonunadək “Neftçi”ni çalışdıracağıma dair razılıq əldə etmişik.

– İlk növbədə hansı addımları atacaqsınız?
– İlk növbədə, komandanı “Qəbələ”yə 0:8 hesablı məğlubiyyətin şokundan ayıltmaq lazımdır. Qarşıda “İnter”lə oyun var. Vaxtımız azdır. Mən də sehrbaz deyiləm ki, üç günə hər şeyi dəyişə bilim.

– Yəqin ki, heyətdə ciddi dəyişiklər edə bilməyəcəksiniz…
– Mənim belə seçim imkanım yoxdur. Kimlər sifariş olunubsa, onlarla oynamalıyıq. Çünki indi futbolçu ala bilmərik. Həm də mən dərhal radikal qərarlar qəbul etməyi xoşlamıram. Azərbaycan futbolunu yaxşı tanıyıram. Keçmiş məşqçilərə təşəkkürümü bildirirəm. Biri gedir, digəri gəlir. Məndən əvvəl çalışanların ünvanına heç vaxt təşəkkürdən başqa fikir səsləndirmərəm. Bu kluba yeni gəldiyim üçün, hələ hər bir futbolçuya şans verməyə, baxmağa çalışacağam. Hansısa dəyişikliyə ehtiyac duysam, müvafiq addım atacağıq.

– Hədəfiniz nədir?
– İlkin hədəfim dediyim kimi, komandanı bu vəziyyətdən çıxarmaqdır. Məşdə isə bizdə hansı çatışmazlıqların olduğunu müəyyənləşdirməyə çalışacağam.

– Nəticə baxımından sizdən heç nə tələb olunmadı?
– Bu baxımdan mənə təzyiq olmayacaq. Nəticəni müəyyən vaxt keçdikdən sonra tələb etmək olar. İndiki məqamda konkret tapşırıq yoxdur. Əminəm ki, hər şeyi düz etsək, nəticə də olacaq.

– Bu yolda tənqidlərə də hazırsınız?
– Nə qədər adam varsa, o qədər də fikir var. Kiminləsə mübahisə etmək fikrim yoxdur. Tənqidlər obyektiv də olur, subyektiv də. Müəyyən təcrübəm var. Obyektiv tənqidi eşitməyə hazıram. Özü də həm jurnalistlərdən, həm də azarkeşlərdən.

Həmin kateqoriyadan