Erik Ramos: “Qarabağ”a mütləq qalib gəlməliyik”

“Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos azerisport.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Ölkə kubokunda “Neftçala”ya qarşı oyunun ikinci hissəsində meydana çıxmağınızın səbəbi nə idi?
– Bu, məşqçilərin qərarı idi. Birinci hissəni kənardan izlədim, ikinci yarıda meydanda oldum. Fikrimcə, bir hissə də olsa, komandama kömək edə bildim. Bütövlükdə, normal oyun keçirdik. İlk qoldan sonra daha rahat oynamağa başladıq və sonda darmadağınla qalib gəldik.

– Çox aqressiv görünməyiniz nə ilə bağlıydı?
– Mən rəqib futbolçulardan birinin Kaueyə qarşı çox kobud oynamasına əsəbləşmişdim. Az qala onun ayağını qıracaqdılar.

– “Neftçi” bu oyunda elə də çox əziyyət çəkmədi. Yəqin ki, “Qarabağ”la növbəti oyunu düşünürdünüz?
– Bəli. Biz növbəti çempionat oyununu düşünməyə borclu idik. Çünki “Qarabağ”la görüş bizim üçün çox vacibdir. Həmin oyunda mütləq qalib gəlməliyik. Bazar günü bizi çempionluq oyunu gözləyir.

– Bəs bu oyunda qalib gələ bilməsəz, nə olacaq?
– Bu, “Neftçi” üçün çox pis nəticələnə bilər. Rəqib xal fərqini artıracaq və bizim vəziyyətimiz daha da çətinləşəcək.

– Ağdamlılar hazırda yaxşı formadadırlar. Onlarla bacara biləcəksiniz?
– “Qarabağ” ölkənin ən yaxşı komandalarından biridie. Avropa Liqasında uğurla çıxış edirlər, Premyer Liqanın liderlərindəndirlər. Deməli, bu komanda ilə oyuna düzgün yanaşmalıyıq.

– Proqnozunuz nədir?
– “Qarabağ”a qalib gəlmək üçün yetərli gücümüz var. Bizi ancaq qələbə qane edəcək. “Neftçi”nin qalib gələcəyini düşünürəm.

Həmin kateqoriyadan