Fərid Mansurov: Hər zaman yerli mütəxəssislərə etimad göstərilməlidir

Gənclər və İdman Nazirliyində idman şöbəsinin müdiri vəzifəsinə təyin olunan Fərid Mansurov 3 ay sonra mətbuat konfransı keçirdi. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşi üzrə olimpiya və 2-qat dünya çempionu görüşdə, idmançı kimi çıxış etdiyi vaxtlarda daim jurnalistlərlə ünsiyyətdə olduğunu xatırlatdı. O, idmançı kimi mərhələlər keçdikdən sonra, yeni vəzifədə çalışmağın şərəfli və məsuliyyətli olduğunu bildirdi. Ünlü bahadır 9 ay ərzində 121 qızıl, 146 gümüş, 245 bürünc medal qazandıqlarını açıqladı. Şöbə müdiri medallardan 18-nin Rio-2016-da, 11-nin isə Paralimpiya oyunlarında sahibləndiyini vurğuladı.
Fərid Mansurov son dövrdə Bakı 2015 birinci Avropa oyunları, formula 1 üzrə Avropa qran-prisi, və Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər yarışlara ev sahibliyi etdiyimizi dedi və bununla idman ölkəsi olduğumuzu bir daha təsdiq etdiyimizi söylədi. O, hədəfinin əldə olunmuş nailiyyətlərini, Gənclər və İdman Nazirliyinin nəzdində Uşaq-Gənclər İdman Məktəblərinin fəaliyyətlərini gücləndirməkdən ibarət olduğunu qeyd etdi: “Bu vəzifəyə təyin olunduqdan sonra, bütün müdirlərini çağırıb söhbət etdim. Əgər hansısa növ üzrə məşqçi öz sahəsi üzrə məşğul olmursa, bunun qarşısı alınmalıdır. Çünki belə hallar idmanımızı şikəst etməyə yönəlib. Çox təəssüf ki, belə hallar var və bunların qarşısını qısa vaxtda alacağıq. Hazırda ən yaralı yerimiz bununla bağlıdır”.
Fərid Mansurov güləş üzrə milli komandaların baş məşqçi postunda yerli mütəxəssislərə etimad göstərilməsini təqdir etdi. Onun fikrincə, yerli idmançıların mentalitet və psixologiyasını yalnız yerli mütəxəssislər bilir. Bütün dünyada legionçulardan istifadə edirlər. Onlar daxili rəqabəti artırır, öz idmançılarımızın püxtələşməsində də rol oynayırlar; paralel olaraq, özümüzünküləri yetişdirməliyik.
Nazirliyin nəzdində 2 bərpa mərkəzi fəaliyyət göstərir. Bu obyektlər daim idmançılarımızın xidmətindədir. Çalışmalıyıq ki, artıq bizdən də mütəxəssislər ölkə xaricində işləməyə dəvət alsınlar”.

 

Həmin kateqoriyadan