F1 simulyator çempionatının qalibi Quba məktəblisi oldu

Martın 19-da dənizkənarı bulvarda Bakı Şəhər Halqası əməliyyat şirkəti ilə Avtomobil federasiyasının birgə təşkilatçılığı əsasında bölgələrdə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula1 çempionatının finalı baş tutdu.

Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə Quba rayonunu təmsil edən şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov 1 dəqiqə 46 saniyə ilə (1:46:070) ən sürətli nəticə göstərərək regionların çempionu oldu. O, qələbə haqqında belə danışdı:

“Regional qaliblərlə mübarizə aparmaq mənim üçün çox çətin oldu. Rayonda baş tutmuş ilk yarışda bu qədər həyəcan və çətinlik yaşamamışdım. Ancaq bu gün yarışdan əvvəl keçirilmiş sınaq yürüşlərində iştirak edərək finala ciddi hazırlaşdım. Rəqiblərimi qabaqlayaraq regionların çempionu adını qazandığım üçün çox sevincliyəm”.

Qeyd edək ki, final yarışında Qaxı Aqşin Əhmədov, Mingəçeviri Xası İsgəndərli, Füzulini Hüseyn Eyvazov, Şirvanı Gülağa Abdullayev və Lənkəranı Azər Məmmədli təmsil edirdi.

Yarışın sonunda bütün regional qaliblərə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən yerli sahibkarlığa dəstək məqsədilə “İSMA” şirkətinin istehsal etdiyi velosiped və müvafiq aksesuar dəsti verildi. Bundan başqa, regionların çempionuna isə əlavə olaraq Formula1 Azərbaycan qran-prisi üçün tribunaya 2-nəfərlik 4-günlük bilet təqdim olundu.

Sonra final iştirakçıları BŞH-nin ofisini ziyarət etdilər. Burada məktəblilər Formula1 Azərbaycan qran-prisinin könüllülük və marşallıq proqramları ilə tanış oldular və onlara proqram təmsilçiləri tərəfindən dəyərli hədiyyələr verildi.

Həmin kateqoriyadan