Faiq Qarayevə 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub

Voleybol federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayevin ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən təltif olunduğu 2-ci dərəcəli “Əmək” ordeninin təqdim edilməsi ilə bağlı oktyabrın 30-da tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən AVF-nin prezidenti Cavid Qurbanov 60-illiyini qeyd edən yubilyarın həyatını voleybola həsr etdiyini deyib. Bildirib ki, o, Azərbaycan ilə yanaşı, Rusiyada və Türkiyədə də məşqçilik edib. Sonra dövlətimizin başçısı İlham Əliyevin dəvəti ilə ölkəmizə gəlib və bir sıra uğurlara imza atıb. Onun rəhbərliyi ilə bir çox tanınmış idmançılar yetişiblər. Faiq Qarayev bu gün bütün dünyada tanınan istedadlı voleybol mütəxəssisidir.

Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə voleybol idmanının inkişafında və qazanılan nailiyyətlərdə Faiq Qarayevin mühüm rolunu vurğulayaraq deyib: “O, Azərbaycanın ən öndə gələn idman xadimlərindən biridir. Onunla eyni gündə “Şöhrət” ordeni ilə təltif olunmuşuq. Nailiyyətlərini bütün dünyada bilirlər. Beynəlxalq olimpiya komitəsi qadınlar arasında idmanın inkişafına verdiyi töhfələrə görə Faiq Qarayevi xüsusi diplomla mükafatlandırıb. Ümumiyyətlə, Faiq Qarayevin uğurları böyükdür”.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təcrübəli mütəxəssisi nazir Azad Rəhimovun adından təbrik edib və onun karyerasından, qazandığı uğurlardan danışıb. Sonra Faiq Qarayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan prezidentinin 2019-cu il 17 oktyabr tarixli sərəncamı oxunub. AVF-nin prezidenti C.Qurbanov 2-ci dərəcəli “Əmək” ordenini Faiq Qarayevə təqdim edib.

AVF-nin vitse-prezidenti Vaqif Əliyev, veteran voleybolçu Şəfəq Kərimova və kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlilov da çıxışlarında yubilyarı təbrik edib, ona uğurlar arzulayıblar. Daha sonra AVF-nin rəyasət heyətinin qərarı ilə federasiyanın əməkdaşlarının və veteran voleybolçuların bir qrupu yubileyləri münasibətilə mükafatlandırılıb. Onlara diplom və pul mükafatları təqdim olunub.

AVF-nin 1-ci vitse-prezidenti F.Qarayev fəaliyyətinin ölkə başçısı tərəfindən yüksək qiymətləndirilməsindən və 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmasından böyük qürur hissi keçirdiyini bildirib və buna görə minnətdarlığını ifadə edib. O, bu mükafatı bütün komandanın uğuru kimi dəyərləndirib. Faiq Qarayev prezident İlham Əliyevin yubiley münasibətilə onu şəxsən təbrik etməsinin həyatının ən unudulmaz anlarından biri olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, onun rəhbərliyi ilə qadın voleybol millisi ilk dəfə 1994-cü ildə dünya çempionatının final mərhələsində çıxış edib. “Azərreyl” komandası 2002-ci ildə top komandalar kubokunun qalibi olub. Həmçinin komandamız 4 dəfə dünya, 8 dəfə isə Avropa çempionatının final mərhələsində mübarizə aparıb.

Həmin kateqoriyadan