Fariz Məmmədov: Azərbaycanda hər kəs məndən qələbə gözləyir

24-25 oktyabrında ilk dəfə AİBA Proboxing turnirinin döyüşləri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq yarışın birinci günündə çəkisi +91 kq, ertəsi gün 69 kq olan boksçular rinqə çıxacaqlar. Bu gün adı son çəkilən çəki dərəcəsində mübarizə aparacaq idmançıların mətbuat konfransı keçirilib.

Pekin Olimpiadasının iştirakçısı Onur Sipal öncə başqa boksçu ilə qarşılaşmalı idi. Ancaq onun rəqibi zədələndiyindən Sipal Stanionislə üz-üzə gələcək. Türkiyəli idmançı bunun ona o qədər də təsir etmədiyini deyib: “Bizim işimiz rinqə çıxaraq, rəqibin kimliyindən asılı olmayaraq döyüşməkdir. Litvalı idmançı gəncdir. Mənim məqsədim isə AİBA Proboxing turnirindən Olimpiya oyunlarına lisenziya qazanmaqdır. Bakıda özümü evdəki kimi hiss edirəm. Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. İnanıram ki, burada dəstəksiz qalmayacam” .

Ukraynalı Denis Lazerev “Qarabağ”ın avroliqa turnirində “Dnepr”i məğlub etməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib: “Təssüff ki, oyuna baxa bilmədim. Həmin vaxt Bakının gəzməli-görməli yerləri ilə tanış olurdum. İçərişəhər və şəhərin mərkəzi çox xoşuma gəldi”.

Mətbuat nümayəndələri Fariz Məmmədovla Andrey Zamkovoya daha çox diqqət göstəriblər. Azərbaycan boksçusu rəqibinin Olimpiya oyunlarının bürünc müfataçısı olmasına baxmayaraq, özünün də planetin ən böyük yarışında iştirak etmək arzusunda olduğunu deyib: “Məhəmmədrəsul Məcidovun turnirdən imtina etməsindən sonra Bakıda yalnız mən rinqə çıxacam. Bilirəm ki, hər kəs məndən qələbə gözləyir. Hamının diqqəti üzərimdədir. Amma bu mənə psixoloji gərginlik yaratmır. Əksinə doğma divarlar arasında, azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq niyyətindəyəm”.

Zamkovoy Farizin bir neçə döyüşünə baxdığını və rəqibi təhlli etdiklərini deyib: “Məmmədov ilk dəqiqlərdən irəli atılıb, təzyiq göstərməyi sevən boksçudur. Düzdür, onun peşəkar rinqdə təcrübəsi çoxur. Bu azərbaycanlı boksçuya müəyyən üstünlük verir. Amma hər şey rinqdə aydın olacaq”. Fariz Məmmədov boyca rəqibindən 12-14 cm kiçik olmasının döyüşə təsir etməyəcəyi qənaətindədir: “Özümə ucaboy sparinq rəqib götürmüşdüm. Axır vaxtlar məhz boyca hündür boksçularla qarşılaşıram. Amma bu heç bir problem yaratmır. Əksinə mənim üçün onıarla döyüşmək daha rahatdır. Əvvəlki qarşılaşmalarda ucaboy rəqiblərimi məğlub etmişəm”.

Oktyabrın 25-də olacaq döyüşlər:

Markos Nader (Avstriya) – Rayton Okviri (Keniya)
Onur Sipal (Türkiyə) – Eimantas Stanionis (Litva)
Denis Lazerev (Ukrayna) – Qyula Keyt (Macarıstan)
Andrey Zamkovoy (Rusiya) – Fariz Məmmədov (Azərbaycan)

Görüşlər saat 19:00-da başlayacaq. 56 kq çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev isə noybarın 1-də Argentinada yaponiyalı Satoşi Şimidzu ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan