Fariz yenə də nokautla qalib gəldi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Fariz Məmmədov növbəti qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, ölkəmizi peşəkar rinqdə təmsil edən boksçu Ukraynanın paytaxtı Kiyevdə keçirilən “K2 Promotions”un təşkil etdiyi döyüşün iştirakçısı olub.

Məmmədov yarımorta çəki dərəcəsində (66,678 kq) reytinq xarakterli qarşılaşmaya çıxıb. O, Kiyev İdman Sarayında ukraynalı Valentin Kutsla üz-üzə gəlib. 2010-cu ilin peşəkarlar arasında Avropa çempionu olan 34 yaşlı rəqiblə döyüş 8 raunddan ibarət olmalı idi. Lakin Məmmədov qələbəni vaxtından əvvəl qazanmağı bacarıb. Təmsilçimiz artıq ikinci raundda Kutsu nokauta göndərib.

Bununla da peşəkar rinqdə 20-ci döyüşünü keçirən Məmmədov 17-ci qələbəsini qazanıb. Kutsla döyüşədək 9 dəfə nokautla qalib gələn boksçumuz 10-cu dəfə rəqibini vaxtından əvvəl məğlub edib.

Qeyd edək ki, “K2 Promotions” promouter şirkəti 2005-ci ildə əfsanəvi boksçular Vladimir və Vitali Kliçko qardaşları tərəfindən təsis edilib və uzun müddət yalnız onların döyüşlərinin təşkili ilə məşğul olub.

Həmin kateqoriyadan