Favoritlər itkisiz irəliləyirlər

Şağan Olimpiya Kompleksində boksçular arasında ölkə çempionatı davam edir. Allsport.az xəbər verir ki,  yarışın ikinci günündə 31 döyüş keçirilib. 49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə turnirə qələbə ilə başlayıb. O, ilk görüşdə Orxan Süleymanovu məğlub edib – 3:0.

Gənclərdən ibarət milli komandanın üzvü Tayfur Əliyev (56 kq) ikinci qələbəsini qazanıb. Naxçıvan boksçusu prinsipial rəqiblərindən olan Fərid Ağamoğlanovu üstələyib – 3:0.

Uzun fasilədən sonra yenidən rinqə dönən gənclər arasında 2010-cu ilin dünya çempionu Şaban Şahpələngov ilk qələbəsini qazanıb. Bu dəfə 64 kq çəki dərəcəsində çıxış edən boksçu texniki nokautla Salman İbrahimovu məğlub edib.

Əvəllər “Baku Fires” klubunun heyətində WSB liqasında döyüşən Xaybulla Musalov (75 kq) “Gilan” klubunun üzvü kimi Azərbaycan çempionatında ilk qələbəsini qazanıb. Ötən il analoji yarışda 1-ci yeri tutmuş Musalov Mingəçevir nümayəndəsi Rauf Hacıyevi yarışdan kənarlaşdırıb. Azərbaycan çempionatında debüt edən Kuba əsilli Rayko Santana da ilk qələbəsini qazanıb.

O, Sərxan Orucludan üstün olub. Bu çəkinin favoritlərindən sayılan Kamran Şahsuvarlı isə ikinci qələbəsini qazanıb. “Qəbələ” klubunun üzvü Ruhin Şabanovu məğlub edib.
Milli komandamızın üzvlərindən Rauf Rəhimov (81 kq), Kamran Mehdiyev (+91 kq) də yarışa qalibiyyətlə başlayıblar.

Həmin kateqoriyadan