FIFA-nın saytı Azərbaycan olimpiyaçıları və futbol millimizin uğurlu çıxışından yazıb

FIFA-nın rəsmi saytı Azərbaycan millisinin dünya çempionatı-2018-nin seçmə mərhələsində uğurlu çıxışına dair geniş məqalə dərc edib. Allsport.az xəbər verir ki, yazının əvvəlində Azərbaycan olimpiyaçılarının Rio-2016-da London-2012-dən çox – 18 medal qazandıqları diqqətə çatdırılıb. Lakin buna baxmayaraq, “Odlar yurdu”nda idmanın 2 növünün – şahmatın və futbolun daha geniş yayıldığı qeyd olunub.

Bildirilib ki, San-Marino və Norveç komandalarına 1:0 hesabı ilə qalib gələn Azərbaycan millisi, ələmələyə böyük uğurla başlayıb. Bu qələbə komandanın Çex Respublikası yığması ilə görüşə də yüksək əhval-ruhiyyədə çıxmasına səbəb oldu. Oyun qolsuz heç-heçə ilə başa çatsa da, bu nəticə sayəsində Azərbaycan Almaniyadan sonra “C” qrupunda 2-ci pillədə yer alıb.

Məqalədə bu uğurlu başlanğıcda Azərbaycan yığmasının baş məşqçisi, xorvatiyalı mütəxəssis Robert Prosineçkinin xidmətləri xüsusi vurğulanıb. Həmçinin əfsanəvi sabiq müdafiəçinin “Goal.com” saytına müsahibəsində milli komandamızdan böyük ümidlərlə bəhs etdiyi diqqətə çatdırılıb: “Biz dünya çempionatının seçmə mərhələsinin kəşfiyik. Heç kim Azərbaycandan belə nəticə gözləmirdi, lakin biz istənilən komanda ilə üz-üzə gəlməyə qadir olduğumuza inanırdıq”.

Bildirilib ki, Azərbaycan futbolçuları dünya və ya Avropa çempionatına heç vaxt bu cür uğurlu nəticə ilə başlamayıblar. Komanda ən yaxşı nəticəni 2014-cü ildə əldə edib və həmin vaxt 9 xalla qrupda dördüncü olub. Xüsusi vurğulanıb ki, son oyunlardakı uğurlu nəticələr sayəsində Azərbaycan millisi FIFA-nın oktyabr ayı üçün reytinq siyahısında 45 pillə irəliləyərək 133-cü yerdən 88-ci yerə yüksəlib.

Məqalədə son illər UEFA Avropa Liqasında mühüm təcrübə qazanan futbolçularımızın sayəsində komandada möhkəm müdafiə və yarımmüdafiə xəttinin qurulduğu qeyd olunub. Bununla yanaşı millimizin hücum xəttinin nisbətən zəif olduğu vurğulanıb.

Həmin kateqoriyadan