Firdovsi Umudov ehtiyatlı danışdı: “Proqnoz vermək istəmirəm, komandada zədəli güləşçilər var”

Olimpiya Güləş Mərkəzində sərbəst üsulla çıxış edən bahadırlarımızın açıq məşqi olub. Allsport.az saytı awf-az.org-a istinadən xəbər verir ki, hazırlığın gedişində millinin baş məşqçisi Firdovsi Umudov KİV-ə müsahibə verib:

“Artıq təlim-məşq toplanışımızı başa vurmaq üzrəyik. Bizimlə birgə hazırlıq prosesində Fransa və İtaliya yığmasının üzvləri də iştirak edir. Bu həftə son yükləmələrimizi baş vururuq. Oktyabrın 18-də Macarıstana yollanacağıq. İki gün sonra isə yarışa start veriləcək. Yığmanın tərkibində gənclərə də yer vermişik. Ötən il və bu il yeniyetmə və gənclərin beynəlxalq turnirlərində özlərini yaxşı tərəfdən göstərmiş idmançıları yığmanın heyətinə daxil etmişik. İnanırıq ki, dünya çempionatında da özlərini müsbət mənada göstərə biləcəklər. Federasiyanın rəhbəri Namiq Əliyevlə söhbətimiz oldu.

Belə qərara gəldik ki, gənclərə üstünlük verək. Gələn il bizi məsul yarışlar gözləyir. Avropa çempionatı, ikinci Avropa Oyunları və Tokio Olimpiadasına lisenziya verən dünya çempionatı keçiriləcək. Ona görə indidən gəncləri gələcək yarışlara hazırlayırıq. İndi onların qarşısına medal qazanmağı şərt qoymamışıq. Əsas o ab-havanı hiss etmələridir ki, gələn il mötəbər turnirlərdə təcrübə çatışmazlığından əziyyət çəkməsinlər. Namiq müəllimin də daha öncə verdiyi müsahibədə qeyd etdiyi kimi, 2011-ci ildə Toğrul Əsgərovu yığmaya cəlb etdik. Bir il nəticə vermədi. Ancaq növbəti il həm Avropa, həm də olimpiya çempionu oldu. Sözsüz ki, təcrübəli güləşçilərlə yanaşı, gənclərə də şans tanımalıyıq. Bu gün komandanın tərkibində Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Cəmaləddin Məhəmmədov, Aslanbek Alborov, Georgi Edişeraşvili kimi təcrübəli güləşçilər var. Gənclərdən Pərviz İbrahimovu 61 kq-da sınaqdan keçirəcəyik.

Olimpiya çəkiləri üçün hər zaman ehtiyat qüvvəmiz olmalıdır. Əlbəttə, hər məşqçi öz yetirməsinin yarışlara getməsini istəyir. Ancaq biz güləşçilərin hazırlığına və nizam-intizamına fikir veririk. Bəzən elə olur ki, toplanışa hansısa idmançını daxil edirik, sonra şəxsi problemləri olduğunu deyir. Problemi olan idmançı yığmanın hazırlıq prosesində iştirak edə bilməz. Hansı idmançı nizam-intizama əməl edirsə, məşqçilərin verdiyi yüklənmələri və tapşırıqları uğurla yerinə yetirirsə, o da yığmanın tərkibində yer alır. Pərviz İbrahimov, Hacımurad Hacıyev, Abubakr Abakarov və Murad Süleymanov kimi gənclər dünya və Avropa çempionatlarında, başqa beynəlxalq yarışlarda uğurlu çıxış etməklə əsas yığmada yer alıb. Bizim onlara inamımız var.

Proqnoz vermək istəmirəm. Komandada zədəli güləşçilər var. Hacı zədəsini bərpa edərək məşqlərə qoşulub. Vətənimizi, dövlətimizi layiqincə təmsil etməyi qarşımıza məqsəd qoymuşuq. Bu il Qazaxıstan, Türkmənistan, Kanada, Fransa, İtaliya və Türkiyədən güləşçilər gəlib burada təlim-məşq toplanışı keçib. Bu da idmana və idmançılara dövlət səviyyəsində olan qayğının göstəricisidir. Şəxsən prezidentimiz İlham Əliyev qayğı göstərir. Biz də çalışacağıq ki, dünya çempionatında uğurlu çıxış edib, himnimizi səsləndirək və güləş azarkeşlərini sevindirək”.

Həmin kateqoriyadan