Foqts yenə özünü məğlubiyyətdən sığortaladı

Avro-2016-nın seçmə mərhələsində sabah keçiriləcək İtaliya – Azərbaycan oyunu ərəfəsində NH Palermo mehmanxanasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunub. Allsport.az saytı xəbər verir ki, toplantıda almaniyalı çalışdırıcının səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
“İtaliyada olmaq mənim üçün hər zaman çox xoşdur. Buraya həm istirahət məqsədilə, həm də məqşçi kimi gəlməkdən həmişə məmnun olmuşam. Məni yaxından tanıyanlar bilir ki, İtaliya futbolunun dostuyam, bu komandanın oyununu izləməkdən zövq alıram. İtaliya millisinin son dünya çempionatında qrup mərhələsini adlaya bilməməsi təəssüfləndirici məqamdır. Xüsusilə, bu komandanın üzvlərinin çıxış etdiyi klubların adlarına diqqət yetirərkən, belə bir uğursuzluğun necə baş verdiyini anlamaqda çətinlik çəkirsən.
Çox şadam ki, Frankfurtda toplanış keçirmək fürsətimiz oldu. Buna qədər Milan şəhərində “İnter” – “Qarabağ” oyununu izləmək imkanım olmuşdu. Futbolçularımızın hazırlığı məni qane etmir; əksəriyyəti qısa müddət ərzində ardıcıl iki oyunda arzulanan səviyyədə oynamaq gücündə deyil.
İngilislərdə belə bir deyim var: oynaya-oynaya öyrənmək lazımdır. İtaliya yığması ilə qarşılaşma məhz belə oyunlardandır. Futbolçularımız bu qarşılaşmadan qorxmamalıdır. Çünki İtaliya millisi kimi komandalara qarşı oynamaq fürsəti tez-tez ələ düşmür”.

Həmin kateqoriyadan