“Formula-1” üzrə Qran-pri yarışlarının biletləri dekabrın 19-dan satışa çıxarılacaq

“Sevindirici haldır ki, gələn il “Formula-1” üzrə Avropa Qran-pri yarışları Azərbaycanda təşkil olunacaq. Ölkə əhalisi də “Formula-1” yarışlarının Bakıda keçirilməsini dəstəkləyir”.

Allsport.az xəbər verir ki, bu sözləri dekabrın 18-də Bakıda təşkil olunan mətbuat konfransında gənclər və idman naziri, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin sədri Azad Rəhimov deyib.

Nazir bildirib ki, “Formula-1” ilə bağlı Bakıda təşkil olunan sorğuda respondentlərin yarıdan çoxu Avropa Qran-prisinə bilet alacağını, 35 yaşadək gənclər isə yarışı tam dəstəklədiklərini bildiriblər. Növbəti “Formula-1” mövsümündə mərhələlərin sayı 21 olacaq. Bu “Formula-1” tarixində rekord göstəricidir.

Qeyd olunub ki, Bakı Qran-prisi gələnilki mövsümdə 4 şəhər trasından biri olacaq. Altı kilometr uzunluğundakı Bakı trasında bolidlər 20 döngədən keçərək 51 dövrə vuracaqlar. Dənizkənarı bulvar boyunca iki kilometrlik məsafədə sürət saatda 340 kilometr olacaq. Bu da Avropa Qran-prisini digərlərindən fərqləndirir və yarışa marağı daha da artırır.

Bakı Qran-prisi üçün onlayn bilet satışına dekabrın 19-da start veriləcəyini diqqətə çatdıran Azad Rəhimov hazırlıqların plana uyğun getdiyini bildirib. Vurğulayıb ki, yarışa biletlər 19 manatdan başlayacaq. Ümumilikdə 30 min biletin satışa çıxarılması nəzərdə tutulub. Biletləri www.bakucitycircult.com saytı vasitəsilə onlayn qaydada almaq mümkün olacaq. “Son 6 ay” tədbiri ilə eyni vaxta təsadüf edəcək bilet satışına Dənizkənarı Milli Parkda start veriləcək. Azərbaycan vətəndaşları biletləri 40 faiz endirimlə ala biləcəklər. Məqsədimiz Bakı sakinlərini yarışa cəlb etməkdir. Hər bir ölkə “Formula-1” yarışlarında təmsil olunmağı arzulayır. Gələcəkdə Azərbaycan da bu mötəbər yarışda təmsil oluna bilər. Azərbaycanın bu idman növündə rəsmi komanda yaratmaq planı yoxdur. Lakin kimsə bu fikirdə olarsa, biz lazımi dəstəyi verərik.

Nazir deyib ki, yolların təmiri istiqamətində işlər sürətlə davam etdirilir. Yarış üçün yüksək səviyyədə təmin olunan bu yollardan Qran-pridən sonra paytaxt sürücüləri istifadə edəcəklər. “Formula-1” yarışının Azərbaycanda keçirilməsi üzrə müqavilənin müddəti on ildir. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətində 50-dən artıq Azərbaycan vətəndaşı, 3 xarici mütəxəssis işləyir. Çalışırıq ki, bu işlərə Azərbaycan vətəndaşları daha çox cəlb olunsun və bu yarışların keçirilməsində geniş təcrübə qazansınlar. Çünki istəyirik ki, növbəti illərdə yarışlara hazırlıq işləri yerli mütəxəssislər tərəfindən aparılsın.

Ölkəmizdə avtomobil idmanı üzrə bir neçə turnirin təşkil olunduğunu deyən nazir bu baxımdan Azərbaycan Avtomobil Federasiyasının fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, federasiya tərəfindən gənclərin treninqlərdə və seminarlarda iştirakı üçün lazımi şərait yaradılıb. Həmçinin qurum tərəfindən böyük avtodromun tikintisi də nəzərdə tutulub.

Həmin kateqoriyadan