Batı YAR
Futbol nə bu oyun, nə də bu yanaşma ilə inkişaf edəcək

Bəxtiyar Məmmədov | batyyar@mail.ru

 

İtaliya ilə matçdan sonra əsasən tənqidə köklənmiş fikirlərimizlə məhz minimal hesablı məğlubiyyətə görə razı olmayanlar Xorvatiyada həqiqətin nədən və ya nələrdən ibarət olduğunu açıq gördülər. Qısa desək, Azərbaycan futbolunun yeniləşməyə, konkret qərarlara böyük ehtiyacı var. Milli komandaının Avro-2016-nın seçmə mərhələ çərçivəsində əvvəlcə İtaliya, sonra Xorvatiya ilə matçları bunu bir daha əyani nümayiş etdirdi. Əlbəttə, qrup favoritləri ilə görüşlərdə, özü də səfərdə qeydə alınmış nəticələr əsasında fərqli düşünənlər də ola bilər. Elə baş məşqçi Foqts kimi. Komandanın 3 gün ərzində, liderlərlə ardıcıl iki ağır səfər matçına hazır olmaması həqiqətdir. Lakin illərdir millinin sükanı arxasında olan, üstəlik, 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxmağa qadir komanda yaratmaq öhdəliyini götürmüş mütəxəssisin artıq hesabat vermək zamanı idi. Təəssüf ki, nəinki inkişafın, ötən dövr ərzində komandanın elə hey geriləməsindən başqa bir şeyin şahidi olmadıq.

İtaliya ilə oyun, sadəcə, bir ilğım, məhz rəqibin süstlüyünün məhsulu idi. Onlar əsl oyun göstərmədilər, amma oynamaq istəyəndə – istədiklərinrə çatdılar. Əslində, hələ bu oyunla da qapımız qarşısında kifayət qədər təhlükəli epizod yaratmışdılar. Tarixən mobil oyuna meylli olan xorvatların belə oynamayacağı aydın idi. Komanda bu qarşılaşmada lap əvvəldən nəyi necə edəcəyini bilmədi. Açığı, həmin görüşdə təhlil və araşdırma üçün heç kiçik bir epizod da olmadı. Nə oyun, nə də hesab buna imkan verir. Elə ilk qoldan sonra hiss olunurdu ki, meydandakı acizlər qrupu yalnız qarşılaşmanı yola verib evə dönəcək. Lakin mənə qəribə gələn matçdan sonra yenə baş məşqçinin əvvəllər cüzi qisminin obyektivliyi qalmış futbol ictimaiyyətinə saymazlığını indi öz rəhbərlərinə də şamil etməsidir. Əslində o, hər dəfə klublara, futbolçulara ilişəndə, sözarası assosiasiya rəhbərliyinin ünvanına istədiyi sözləri deyirdi. Bu sətiraltı mənalara, məhz futbol başbilənlərimizin özünə münasibət tərzi kimi qəbul edib, hər hansı şərh vermirdik. Lakin məşqçi bu dəfə bütün hədləri aşdı. Palermodakı oyundan sonra, 4-5 il əvvəl italyanlardan 5-6 top buraxa biləcəyimizi deyən, daha zəif, amma ürəkdən oynayan heyətlə bundan da güclü İtaliya ilə oynadığımızı bilməyən Foqts, Osiyekdə bir neçə ilə əvvəl xorvatların müəllifliyi ilə 8 və daha çox topu qapımızdan çıxara biləcəyimizdən dəm vurur. Özünə hörmət edən heç bir məşqçi bu tip nağıllarla bəhanələr gətirməz. Ən lağlağı mütəxəssis belə, bu cür sözləri işlətməz. Etiraf etməyi bacarmağın özü də bir igidlikdir və yalnız qorxaqlar, məkrlilər bunu etməzlər. Dəfələrlə onun saymazlığından və hörmətsizliyindən söz açsaq da, məhz AFFA-nın susması və məşqçidən hesabat tələb etməməsi nəticəsində bu gün Foqts ən yolverilməz, təhqirə bərabər ifadələr işlətməyə başlayıb. Onun Azərbaycan futboluna xeyir verməyəcəyi elə əvvəldən aydın görünürdü. Məşqçi kimi heç bir nailiyyəti olmayan, 1996-cı il Avropa “qızıl”ını isə Bekkenbauerin qoyub getdiyi irsin hələ də at oynadan qəhrəmanları ilə qazanan Foqts, sonra öz ölkəsinin yığmasını elə günə saldı ki, viran qoyduğu komandanın ipini 7-8 ilə ancaq yığdılar. Bu, futbol ənənələri güclü olan Almaniyada belə olmuşdusa, Azərbaycanda daha nədən danışasan?

Foqtsun sonrakı futbol macərəları da məlumdur. Onun ölkəsində uşaq-yeniyetmə futbolundakı uğurlarını da çox şişirtməyə dəyməz. Almaniya Futbol İttifaqının onun ətrafına topladığı məşqçi-mütəxəssislər qrupu bu gün də Almaniyanın ən güclü, elitar uşaq məşqçiləri korpusudur. Foqtsun tifağı dağılmış Azərbaycan futboluna heç nə verməyəcəyi, hətta Karlos Alberto qədər də olmayacağı elə ilk aylardan üzə çıxsa da, bu qədər illər sükan arxasında qalması yalnız kimlərinsə ona inadlı inamının nəticəsi idi.

Komandamızın simasını ildən ilə itirməsinin səbəbləri haqqında çox danışmaq olar. Lakin onlardan heç biri futbol meydanının içərisi ilə bağlı olmayacaq. Axı, o, meydanda nəsə etmişdimi ki, taktiki, texniki, funksional təhlillərdən də söz açaq?
Məşqçi kimi Foqts nə bir strateq, nə bir taktik, nə də bir macəraçı ola bilməyəcəyini oyundan-oyuna əyani nümayiş etdirdi. Konkret xorvatlarla görüşdəki heyəti və futbolçuların amplualarını, onların futbol təxəyyülünü araşdırmaq yetər ki, məğlubiyyətin hələ qaneedici olması ilə razılaşasan. Belə bir heyət nəyə nail ola bilərdi ki! Rəqibin hücum edəcəyi bəlli olduğu halda, zəif komandanın bütün gücünü qapısı ağzında yumulmağa cəmləməsi, qələbəlik yaratması bir effekt verə bilməz. Özünə məşqçi deyən Foqts hələ bilmir ki, futbolçuların fiziki hazırlığı deyil, məhz onun tapşırıqları, zona və fərdi müdafiə elementlərini birinə qarışdırıb, aləmi bir-ibirən vurub oyunçuları çaşdırması futbolçuları biçarə və acizlər vəziyyətinə salmışdı. Fiziki hazırlıqdan şikayət edən, üstəlik, qrup favoritləri ilə iki səfər duelinə komanda çıxaracaq hansı ağıllı məşqçi bu addımları ata bilərdi. Elə buna görə gah aşkar, gah da eyhamla onun məşqçilik qabiliyyətini şübhə altına alanda heç də yanılmadığımızı o bu oyunda bir xülasəyə çevirib, hətta futboldan anlayışı olmayanlara da anlatdı. Özündənrazı məşqçinin Cavadov, Şükürov kimi futbolçulardan məhz prinsipial komandalarla oyunda imtina etməsi, üstəlik, səhhətindən də xəbəri olmadığı futbolçuları meydana buraxıb, sonra bir-ibir əvəzləməsi, ümumiyyətlə, komandada heç bir səviyyədə normal iş qurulmadığını aşkar göstərir. Məgər zədələnib meydanı tərk edən futbolçular müayinə edilməmişdimi?

Artıq elə bir məqam çatdı ki, onun istefaya göndərilməsi mənasız oldu. Çünki bu halda yenə qeyri-müəyyən vəziyyət yarandı. Yeni gələn məşqçi nədən və necə başlayacağını bilməyəcək və sonrakı oyunların günahını üzərindən atacaq, assosiasiya isə yenidən quruculuq işlərinə – bu dəfə 2020-ci ilə köklənmiş layihələrə başladığı barədə yerinə yetirilməyəcək vədlər verəcək. Üstəlik, heç də az məbləğlər qazanmamış Foqtsun AFFA-nı aldadıcı asan qərarlara təhrik edib, postunu tərk edərək, sonra evində dəbbəpulu hesabına sakit həyat keçirməsinə də yol verməmək lazım idi.

Məncə, çoxdan heç kəsi özünə cəlb etəyən, hətta “8-ci km”-in kiçik stadionunu da doldura bilməyən bir komandanın cazibə imkanları tükənib. Ziyanın yarısından qayıtmaq üçün AFFA bundan sonra, əsas diqqəti uşaq-yeniyetmə futbolunun təşkilinə yönəltməli və burada artıq əsaslı addımlar atmağa çalışmalıdır. Axı, nə əcnəbi limiti, nə məktəblərdə futbolun tədrisi, nə də başqa bir qeyri-peşəkar qərarlar futbolun inkişafına ciddi bir kömək edəcək. Ölkədə futbolla məşğul olanların sayının artması hələ bu ölkədə futbol olacağı mənasını vermir. Bunun üçün xüsusi peşəkar tədbirlər planı həyata keçirilməlidir.

Artıq il başa çatır. Qarşıda cəmi bir oyun var. Nəzərə alaq ki, bu görüşdə Azərbaycan yığmasının 2-4 topla qalib gəlməsi nəyisə dəyişəcək. Ona görə dərjal, günü bu gün əsas diqqət köklü dəyişikliklərə yönəldilməli, birinci növbədə, futbol klublarının formalaşdırılmasına və yalnız ədalət prinsipləri ilə həmin komandaların heyətlərinin təşkil edilməsinə yol açılmalıdır.

“İdman” qəzeti

Həmin kateqoriyadan