Futzal federasiyasında iclas

Futzal federasiyasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, AFF prezidenti Zaur Axundovun rəhbərliyi ilə keçirilmiş toplantıda federasiya əməkdaşları ilə bərabər, play-off mərhələsinə yüksəlmiş “Araz”, “Neftçi”, “Xəzər Cənub” və EKOL komandalarının, eləcə də AFFA hakimlər komitəsinin nümayəndəsi iştirak ediblər.

Yığıncaqda başa çatmaqda olan yüksək liqanın əsas mərhələsi haqda müzakirələr aparılıb, eyni zamanda, play-off oyunlarına hazırlıq barədə çıxışlar dinlənilib. Federasiya prezidenti yarımfinal oyunlarına vəsiqə qazanmış komandaları təbrik edib və uğurlar arzulayıb, qarşıdakı oyunlarla bağlı klubları maraqlandıran suallara aydınlıq gətirib, onlardan komanda üzvləri ilə meydanda oyun qaydalarına maksimum riayət olunması barədə söhbətlərin aparılmasını xahiş edib, eyni zamanda, oyunlar zamanı “respect” və “fair-play”ə əməl edilməsinin vacibliyi bildirilib.

Qeyd edək ki, yüksək liqada play-off oyunları mayın 8-də, 11-də və 14-də keçiriləcək. İki qələbə qazanan komanda finalda, məğlublar isə üçüncü yer uğrunda oyunda iştirak edəcəklər. 3-cü yer və final qarşılaşmaları mayın 17-də Bakı idman sarayında keçiriləcək.

Həmin kateqoriyadan